Azərbaycanın jurnalist komandası Litvaya dəvət olundu
14.04.2011 - 11:02
Azərbaycanın jurnalist komandası Litvaya dəvət olundu
Litva Jurnalistlər İttifaqı azərbaycanlı media nümayəndələrini beynəlxalq futbol turnirə dəvət edib. Qurumun sədri Dainius Radjeviçiusun imzası ilə apasport.az saytına daxil olan rəsmi məktubda jurnalistlər arasında keçirilən yarışda bizimkiləri də görmək istəklərini çatdırıb.

Mayın 21-də Druskininkada təşkil ediləcək turnir ardıcıl 7-ci ildir keçirilir və artıq ənənəyə çevrilib. Bu dəfə yarışa 6 ölkədən 8 komandanın qatılacağı gözlənilir.

Turnirin təşkilatçıları 12 nəfərin qalma və yemək xərclərini öz üzərinə götürür. Bu, mayın 20-dən 22-dək tarixə aiddir. Ancaq bura Druskininkaya gəlmək xərcləri daxil deyil. Əgər Litvaya viza almaq lazım gələrsə, qurum komandamızın üzləri olan siyahıya uyğun rəsmi dəvət göndərəcək.

Qeyd edək ki, turnir ölçüləri standart futbol meydançasının 1/4-i olan süni meydançada keçiriləcək. Meydanda qapıçı da daxil olmaqla, 7 nəfər olacaq, əvəzetmələr məhdudiyyətsizdir. Turnirdə iştirakı mayın 1-dək təsdiqləmək xahiş olunur.

Rüstəm MİKAYILLI