Böyükağa Hacıyevdən sələfinə sətr ittihamlar
14.04.2011 - 13:03
Böyükağa Hacıyevdən sələfinə sətr ittihamlar
Sumqayıtın “Standard” klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyevin apasport.az saytına müsahibəsi

- “Standard”ın baş məşqçi postunda əvəzlədiyiniz litvalı mütəxəssis Valdas İvanauskas sizi ittiham edib...
- İvanauskasın saytınızdakı müsahibəsini oxumuşam. Mən ondan komandanı təhvil alanda, artıq 9-cu tur idi və cəmi 2 xalı vardı. İvanauskas deyir ki, mən komandanı 1 ay əvvəldən götürmüşdüm. Əgər sən komandanı bu müddətdə hazırlamağa qadir deyildinsə, niyə bu yükün altına girirdin? Nəyin xatirinə bunu edirdin? Ola bilər ki, İvanauskas Avropa səviyyəli, həddən artıq dahi məşqçidir. Ancaq bir şeyi unutmamalıdır ki, onun Azərbaycanda işlədiyi komanda sırf müsəlman dövlətinin komandasıdır və buranın özünə aid bir sıra mentalitetləri var. “Standard”ı təhvil alan kimi İvanauskasın yığdığı heyətdən 7 legioneri çıxardım. Bunlar o səviyyəli legionerlər idi ki, Bakı küçələrində onlar kimi 80 futbolçu tapardım. Mən gələn kimi onları çıxardım və İvanauskasdan sonra 23 xal yığdım. Ona sual verərlər ki, bu legionerləri gətirməkdə məqsədin, marağın nə idi? İvanauskasın gətirdiyi bir legionerin qiymətinə mən üçünü gətirdim. Bunlar Amiran Muciri, Vitali Balamestnı və Vladimir Mazyar idi.

- Hesab edirsiniz ki, İvanauskasın legioner siyasəti bərbad idi?
- Baş məşqçi o vaxt udur ki, komandanı düzgün komplektləşdirir. Bu gün ucdantutma kimi gəldi komandaya yerləşdirmisənsə... Onun gətirdiyi qapıçı səhv etmirəmsə, Moldovadan idi...

- Bəli, Aleksandr Kirilov.
- Bilmirəm. Soyadı yadımdan çıxıb. O, bizlərin uşaq futboluna layiq oynamırdı. Necə ki, mən gələn gündən 1 həftə sonra onu komandadan azad etdim. İvanauskas onlara xərclənən pulları havaya sovurmuşdu, komandanın büdcəsinə böyük xələl gətirmişdi.

- Sizcə, rəhbərlik İvanauskası bu səbəblərə görə qovdu?
- Mən komandanın içərisində olanda gördüm ki, İvanauskas sayəsində orada neqativ hallara çox yol verilir.

- Məsələn...
- İvanauskasın gətirdiyi 7 legioneri çıxarmağım onun düzgün siyasət yetirməməyində idi. Əgər İvanauskas bunu bilə-bilə edibsə, deməli, burada nəsə marağı var. Yox, əgər bilməyərəkdən edibsə, deməli, onda məşqçi deyil.

- Yəni, İvanauskasın ünvanınıza dediyi sözləri özünə qaytarırsınız...
- Əgər belə legioneri “Standard”a yığmışdısa, komandanı düzgün komplektləşdirməmişdisə, deməli, nəsə marağına görə bunu edib. Yox, bilməyərəkdən edibsə, məşqçi deyil. Ola bilər, İvanauskas zamanının çox yaxşı futbolçusu olub, ancaq məşqçi kimi onu bu gün heç cür qəbul eləmək mümkün deyil.

- Ümumiyyətlə, məşqçi həmkarı haqqında danışanda etika məsələlərinə xüsusi diqqət yetirilməlidir...
- İvanauskas deyir ki, Böyükağa Hacıyev mənim haqqımda bu sözləri deyirsə, deməli, məşqçi deyil. Mən də deyirəm ki, İvanauskas özünə belə arxayındırsa, onu komandaya verdiyi fiziki hazırlıq məni heç cür qane etmirdi. Komanda meydanda 20-25 dəqiqədən artıq qaçmırdı. Əgər İvanauskas özünü belə dahi məşqçi sayırsa, yenidən Azərbaycanda özü üçün yer axtarırsa, o başqa məsələ. Çünki deyib ki, dəvət olsa yenə gələrəm. İvanauskas bilməlidir ki, onun kimi məşqçilər Azərbaycanda çoxdur. Ondan üstün məşqçilər də həddən artıq çoxdur. Biz bir-birimizi tanımırıq. Ancaq birinci daşı o atıb, belə də yazarsan.

- Necə ola bilər ki, İvanauskas Şotlandiyanın “Harts” klubunda nəticə verir, ancaq Azərbaycanda yox? Niyə onun kimi əcnəbi mütəxəssislərin ölkəmizə işi alınmır?
- Mən birinci dedim ki, o, özünə yad mentaliteti olan ölkəyə gəlib. İvanauskasdan xahiş eləməmişdim ki, komandanın təlim-məşq toplanışında qaldığı otelə qadınla gəlsin. Bunu da yazarsan.

- Bu, ciddi ittihamdır. Siz bunu tam məsuliyyətlə deyirsiniz?
- Bəli. Yəni, komandanı qəbul edəndən sonra onun gördüyü işlərin hamısı mənə açıqlandı. Özü də bir yox, bir neçə qadınla gəlirdi. İvanauskas qadınları gündə köynək kimi dəyişirdi. O, Avropa ilə Azərbaycanı qarışdırıb.

Mehman SÜLEYMANOV