Avroliqada yarımfinal cütlükləri bəlli oldu
15.04.2011 - 00:57
Avroliqada yarımfinal cütlükləri bəlli oldu
Çempionlar Liqasının ardınca, Avroliqada da yarımfinala vəsiqə qazanan komandalar bəlli olub. Apasport.az saytının xəbərinə görə, 1/4 final mərhələsinin cavab görüşlərindən sonra Portuqaliya təmsilçiləri “Portu”, “Benfika” və “Braqa” ilə yanaşı, “Vilyareal” da 4 ən güclü sırasına çıxıb.

Gecənin ən məhsuldar oyunu Moskvada baş tutub. Bir həftə əvvəl Portuqaliyada 5 qol buraxan “Spartak” qapısında yenə eyni sayda top görüb.

“Benfika” Hollandiyada PSV ilə heç-heçə oynasa da, ilk görüşdəki darmadağın hesabına yarımfinala yüksəlib. Digər Portuqaliya təmsilçisi “Braqa”nın Kiyev “Dinamo”su ilə görüşündə qapılara top vurulmayıb. Buna baxmayaraq, ilk oyunda 1:1 hesabı qeydə alındığından, ukraynalılar mübarizəni dayandırıb.

Yarımfinaldakı yeganə ispan təmsilçisi “Vilyareal” isə ilk oyunda olduğu kimi, “Tvente”ni yenə üstələməklə, mübarizəni davam etdirir.

14 aprel

“Spartak” (Rusiya) – “Portu” (Portuqaliya) - 2:5
QOLLAR: Dzyuba, 53; Ari, 72 - Xalk, 28; Rodriges, 45; Quarin, 47; Falkao, 54; Otamendi, 89
İlk oyun – 1:5

“Tvente” (Hollandiya) – “Vilyarreal” (İspaniya) - 1:3
QOLLAR: Emir Bayrami, 32 - Cuseppe Rossi, 59 (pen); Ruben Qarsiya, 84 (pen), Kani, 90
İlk oyun – 1:5

PSV (Hollandiya) – “Benfika” (Portuqaliya) - 2:2
QOLLAR: Balazs Dzsudzak, 17; Jeremain Lens, 25 - Luizao, 45; Oskar Kordozo, 65 (pen)
İlk oyun – 1:4

“Braqa” (Portuqaliya) – “Dinamo” (Ukrayna) - 0:0
İlk oyun – 1:1

1/2 finalda “Portu” “Vilyareal”la, “Braqa” isə “Benfika” ilə qarşılaşacaq.

İlk oyunlar aprelin 28-də, cavab matçı mayın 5-də, final görüşü isə mayın 18-də Hamburqda keçiriləcək.