Ruslan Poladov: “Neftçi”ni çempion saymaq olmaz
14.04.2011 - 15:44
Ruslan Poladov: “Neftçi”ni çempion saymaq olmaz
“Zədəm tam sağalmayıb. Müalicəmi Bakıdakı klinikalardan birində davam etdirirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın müdafiəçisi Ruslan Poladov deyib.

Cari mövsümün ilk yarısında baş məşqçi Mirça Rednikin ən çox güvəndiyi futbolçulardan olan Poladov 2011-ci ildə rəsmi oyuna çıxmayıb. Buna səbəb futbolçunun zədəsini sağalda bilməməsidir.

Belə ki, yanvarda Antalyada “Atırau” ilə yoldaşlıq matçında zədələnən futbolçu o vaxtdan bu problemi yoluna qoymağa çalışır. Hazırda futbolçu fərdi şəkildə məşq etsə də, özünü gözləməyə borcludur: “Müalicəmin bitməsinə 10 gün qalıb. Hazırda fərdi şəkildə məşq edirəm. Əsasən trenajor zalda çalışıram”.

Zədəli olmasına baxmayaraq, Ruslan daim klubun düşərgəsində olduğunu vurğulayıb: “Elə məşqi də klubun bazasında edirəm. Daim komandanın yanındayam. Son 3-4 gündür evdəyəm. Ancaq “İnter”lə görüşü Lənkəranda izləyəcəm və komanda yoldaşlarımı dəstəkləyəcəm”.

Poladov komandasının çempionluq şansına da toxunub: “Neftçi”yə çatmaq mümkündür. Aradakı 6 xallıq fərqi qarşıdakı 6 turda əritmək olar. Bir faktı da nəzərə almalıyıq ki, bu gün ilk “altılıq”da yer alan komandalardan beşi müxtəlif illərdə çempionluq sevinci yaşayıb. Hamısı iddialı komandalardır. Onlarla qarşılaşmalar çətin keçəcək. Ona görə, “Neftçi”ni çempion saymaq olmaz”.

Sonda futbolçu mövsümün sonuna qədər yaşıl meydanlara çıxmağa cəhd göstərəcəyini deyib: “Rəqabətdən heç vaxt qorxmamışam, əksinə tərəfdarı olmuşam. Bu gün əsas heyətə düşmək uğrunda güclü rəqabət var. Ancaq formamı geri qaytaracağıma inanıram”.