Branimir Subaşiç: Hələ fikirləşirəm
14.04.2011 - 16:09
Branimir Subaşiç: Hələ fikirləşirəm
“Qəbələ” serbiyalı futbolçu Branimir Subaşiçə yeni müqavilə təklif edib. Bu haqda apasport.az saytına məlumat verən milliləşdirilən legioner bildirib ki, ötən yaydan şərəfini qoruduğu komanda onunla cari mövsümün sonunda bitən anlaşmanın müddətini uzatmaq istəyir.

Ancaq 29 yaşlı hücumçu qəti qərar vermədiyini söyləyib: “Hələ fikirləşirəm. Açığı, gələcək taleyimin necə olacağını özüm də konkretləşdirməmişəm. İndidən bu haqda sizə qəti bir şey deyə bilmərəm”.

Subaşiç başqa təkliflərinin olduğunu gizlətmədi: “Digər təkliflərim var. Bunlar adını çəkmək istəmədiyim Azərbaycan klublarıdır. Karyeramı burada davam etdirmək istəyirəm. Azərbaycandan getməyə hazırlaşmıram”.

Branimir vaxtilə “Neftçi”də və millimizdə birgə oynadığı Mahir Şükürovun “Qəbələ”yə keçidinə sevinir: “Bu transferi müsbət qarşılayıram. Mahir yaxşı futbolçudur. Fikrimcə, onun keçidi “Qəbələ” üçün irəliyə doğru addımdır. Şükürov komandanın müdafiə xəttini gücləndirəcək. Onunla hələ görüşməmişəm. Bunu Mahir Qəbələyə gələndə edəcəyəm”.

Mehman SÜLEYMANOV