“Hücumçu olsaydı, Toni Adams işə ön xətdən başlayardı”
14.04.2011 - 17:00
“Hücumçu olsaydı, Toni Adams işə ön xətdən başlayardı”
“Qəbələ”də qalmağımla bağlı klub rəhbərliyindən təklif almışam. Amma hələ razılıq verməmişəm. Çünki tələsmək istəmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun müdafiəçisi Saşa Yunisoğlu deyib.

Ötən yay “Bakı”dan ayrıldıqdan sonra “Neftçi”yə keçəcəyi gözlənilən və bir müddət bu komandanın düşərgəsində olan futbolçu sonradan “Qəbələ” ilə müqavilə imzaladı. İlk gündən Toni Adamsın güvəndiyi futbolçuya çevrilən Saşa indi də əsas heyətdə meydana çıxır.

Əyalətdə mütəmadi oynaması onun daim yığmaya dəvət almasına da şərait yaradıb. Ancaq gələn ay futbolçunun hazırkı klubu ilə müqaviləsi başa çatacaq. Bəs görəsən, transfer çalışmalarına indidən start verən hansı komanda müdafiəçinin transferində önə keçəcək?

Hərçənd, Yunisoğlu bu gedişlə “Qəbələ”də qalmağa üstünlük verəcəyini bildirib: “Böyük ehtimalla “Qəbələ”də qalacağam. Çünki baş məşqçi mənim xidmətimdə maraqlıdır”.

Futbolçunun seçiminə komandanın iddiasının dəyişməsi də səbəb olub: “Gələn il fərqli “Qəbələ” görəcəksiniz. Komanda iddialı olacaq və yüksək yerlər uğrunda mübarizə aparacaq. Bu da seçimimə təsirsiz ötüşməyəcək”.

Dünən Mahir Şükürovla yeni anlaşmanın imzalanmasının komandadakı rəqabəti artıracağını deyən futbolçu sağ cinahda problemin yaşanmayacağını vurğulayıb: “Mahir güclü futbolçudur. Düşünürəm ki, onun gəlişi rəqabəti artıracaq. Artıq kim sağ cinahda oynamaq istəyirsə, onunla mübarizədən qalib ayrılmalıdır. Məncə, sağ cinahda problem olmayacaq”.

Vaxtilə futbolçu kimi arxa xətdə çıxış edən Toni Adamsın indi müdafiəni gücləndirməsinə də toxunan Saşa bunu normal qarşıladığı deyib: “Hücumçu olsaydı, işə ön xətdən başlayardı. O, müdafiəçi olduğu üçün belə addım atıb. Həm də komanda qapısından top buraxmasa, heç vaxt məğlub olmaz. Deməli, arxa xətti gücləndirmək lazımdır ki, rəqib qapına yol tapmasın. Adamsın bu addımını anlayışla qarşılaşmaq lazımdır”.