Arif Əsədov: Hər bir komandadan sürpriz gözləməyə dəyər
15.04.2011 - 11:11
Arif Əsədov: Hər bir komandadan sürpriz gözləməyə dəyər
“Biz AZAL-a hörmətlə yanaşırıq. Rəqibimiz “altılıq”da yaxşı çıxış edir, 9 xalla ən çox xal toplayıb. Bu, elə bir stimuldur”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

Azərbaycan Premyer Liqasının liderini növbəti turda evdə AZAL-la oyun gözləyir. “Təyyarəçilər” “altılıq”da topladıqları xalla təkcə “Neftçi”ni (8) yox, hamını qabaqlayır. Əsədov bu mənada növbəti sınaqlarına ciddi hazırlaşdıqlarını bildirib: “AZAL-ın bu səviyyəyə çatmasında həmkarım Nazim Süleymanovun böyük əməyi var. Onun işi göz qabağındadır. AZAL balanslaşmış, mübarizə komandadır. Meydanda döyüşkən keyfiyyətləri ilə seçilir. Bunlar motivasiyamızı artırır. Biz rəqibimizin oyununu ciddi təhlil edib, meydana yalnız qələbə üçün çıxacağıq”.

“Neftçi”nin gənc çalışdırıcısı “altılığ”ın hər bir iştirakçısını layiqli rəqib sayır: “Bütün oyunlar çətindir. Hələ qarşıda 6 tur var və indidən çempionluq haqda danışmaq tezdir. “Altılığ”ın hər iştirakçısı öz oyunu, gücü ilə oyuna ciddi yanaşmağa sövq edir. Buna görə də hər bir komandadan sürpriz gözləməyə dəyər”.

Mehman SÜLEYMANOV