Nasimovla Rodriqinyo AZAL-la oyunu buraxa bilər
15.04.2011 - 12:30
Nasimovla Rodriqinyo AZAL-la oyunu buraxa bilər
“Neftçi” Azərbaycan Premyer Liqasının XXVII turunda AZAL-la oyun öncəsi problemlə üzləşib. Bu barədə apasport.az saytına açıqlama verən baş məşqçi Arif Əsədov bildirib ki, braziliyalı yarımmüdafiəçi Rodriqinyo ilə özbək hücumçu Bahodir Nasimovun aprelin 17-də Tofiq Bəhramov adına Respublika stadionunda görüşdə iştirakı dəqiqləşməyib.

Bu da legionerlərin zədə problemlərinin qalması ilə bağlıdır: “Rodriqinyonun “Qarabağ”la oyundan sonra məşq prosesində ayağı burxuldu. Bundan sonra məşqə çıxsa da, ağrıları qalırdı. Ona görə də ötən tur “İnter”lə görüşdə adını iştirak ərizəsinə daxil etmədik. Bahodirin isə “İnter”lə oyunda zədə üzündən əvəzləməli olduq. Dediyinə görə, oyunda rəqib müdafiəçi Valeri Abramidze mübarizədə pəncəsinin üstünə çıxmışdı və nəticədə ayağı şişdi. Zədəli futbolçularımız həkim nəzarəti altında olublar. Onlar “İnter”lə oyundan sonra ümumi komandada məşq etməyiblər, fərdi qaydada çalışıblar. Nasimovla Rodriqinyonun AZAL-a qarşı oynaması sual altındadır və buna matç günü qərar verəcəyik”.

Mehman SÜLEYMANOV