Tuyqun Nadirov: Bizim onlarla müqaviləmiz yoxdur
15.04.2011 - 12:58
Tuyqun Nadirov: Bizim onlarla müqaviləmiz yoxdur
Premyer Liqanın XXVI turu çərçivəsində sabah keçiriləcək “Xəzər-Lənkəran” - “İnter” görüşü yayımlanmayacaq. Apasport.az saytının xəbərinə görə, əvəzində, ikinci “altılıq”dan nəticəsi heç kimi maraqlandırmayan “Muğan” - “Turan” görüşü canlı yayımla təqdim olunacaq.

Maraqlıdır, çempionluğa iddialı komandanın medallara digər iddialı klubun oyunu ikinci “altılıq”dakı qarşılaşmadan bu qədərmi maraqsızdı? Digər tərəfdən, “Xəzər Lənkəran” - “İnter” matçı saat 18.00-da başlayacaq və “İdman Azərbaycan”ın canlı təqdim edəcəyi “Bakı” - “Qarabağ” görüşündən bir saat sonra start götürəcək. Yəni bəhanə kimi bu iki oyunun bir hissəsinin üst-üstə düşdüyü göstərilə bilər. Ancaq bu cür hallarda üst-üstə düşən taymları paralel yayımlamaq mümkündü.

Yaxud vəziyyətdən çıxış yolu kimi ən pis halda, Tofiq Bəhramov adına stadiondakı görüş başa çatan kimi Lənkərana canlı bağlanmaq mümkün idi. Yəni istənilən halda, çıxış yolu tapmaq olardı. Elə isə nədi bu biganəliyin səbəbi?

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyir ki, təmsil etdiyi klub oyunun yayımlanması üçün telekanala - konkret olaraq AzTV-yə (“İdman Azərbaycan”a) müraciət edib. Amma bu müraciət bəhrəsiz olub: “Xəzər Lənkəran” həmişə ev oyunlarının yayımlanmasında maraqlı olub. Sabahkı oyunun yayımı üçün müraciət etdik. Bizə dedilər ki, ilk növbədə müqaviləmiz olan klubların oyunlarını əsas götürürük. “Bakı”nın “İdman Azərbaycan”la müqaviləsi var deyə, onların oyununu canlı yayımlayacaqlar. Bizim isə onlarla müqaviləmiz yoxdur. Həm də dedilər ki, Lənkərana göndərməyə əlavə "PTS"imiz yoxdu".

Qəribədi, məgər AzTV-nin və onun balansındakı "İdman Azərbaycan”ın ümumilikdə vur-tut 2 "PTS"i var?! Yoxsa "PTS" bəhanə, səbəb başqadı?
korner.az