Nazim Süleymanov: Qələbə, yaxud heç-heçə haqda da danışa bilərik
15.04.2011 - 13:17
Nazim Süleymanov: Qələbə, yaxud heç-heçə haqda da danışa bilərik
“Altılıq” çempionatın həlledici mərhələsi olduğundan, hər bir oyun çətindir. “Neftçi” ilə sınaq da belə matçlardan biri olacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib.

“Təyyarəçilər” Azərbaycan Premyer Liqasının final mərhələsində hamıdan çox (3) qələbə qazanması ilə öyünə bilərlər. Bunda böyük əməyi olan Süleymanov futbolda ilk addımlarını atdığı “Neftçi” ilə növbəti turun oyununda da uğurla çıxış etmək istəyir: “Neftçi” çempionluğa ən layiqli komandalardan biridir. Yaxşı transferlərə imza atıb, güclü heyəti var. “Neftçi” hazırda 1-ci yerdədirsə, deməli, güclüdür. Bu mənada növbəti “altılıq” oyunu da çətin, gərgin və maraqlı olacaq. Bəzi itkilərimiz olsa da, “Neftçi” ilə görüşdə yaxşı oynayıb, maksimum xal qazanmaq istəyirik. Düzdür, nəticə elədir ki, qələbə, yaxud heç-heçə haqda da danışa bilərik. Ancaq nəticənin necə olacağını indidən heç kim deyə bilməz, bu, 90 dəqiqədən sonra bilinəcək. İstənilən halda, meydana qələbə əzmi ilə çıxacağıq”.

Süleymanovun sözlərinə görə, heyətdəki problem təkcə ötən tur “Bakı” ilə çiyini çıxması nəticəsində cərrahiyyə əməliyyatı olunan və 1 aylığa kənarda qalan albaniyalı Eleandro Pema ilə bağlı deyil: “Kapitanımız Aqil Nəbiyevin dizində ağrılar var. Nigeriyalı Pius İkedia hələ də zədəsini sağaltmayıb, fərdi məşq edir. Bundan əlavə, hava şəraiti ilə əlaqədar soyuqlayan, təzyiqi qalxan futbolçular da olur”.

Mehman SÜLEYMANOV