“İndiki məqamda ancaq kuboku qazanmağı düşünməməliyik”
15.04.2011 - 19:05
“İndiki məqamda ancaq kuboku qazanmağı düşünməməliyik”
“Qarabağ”a qarşı mübarizə aparacağıq. Biz də digər rəqiblərimiz kimi qələbə qazanmaq istəyirik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın müdafiəçisi Rafael Əmirbəyov deyib.

Final mərhələsinin birinci dövrəsinin sonuncu matçında “Qarabağ”la qarşılaşacaq “Bakı” ilk qələbəsini qazanmaq istəyir. Belə ki, ilk “altılıq”da 4 oyun keçirən paytaxt təmsilçisi bu oyunlardan ikisində məğlub olub, bir o qədərində isə xalları yarı bölüb.

Bir sözlə, Aleksandr Starkovun komandası güclülərin mübarizəsində 3 xal qazana bilməyən 3 komandadan biridir. Vəziyyətə aydınlıq gətirən təcrübəli oyunçu “Bakı”nın da zəif rəqib olmadığını qeyd edib: “Bakı” özü də zəif komanda deyil. Sadəcə, bəxtimiz gətirmir. Qol imkanlarından istifadə edə bilmirik. Buna görə də qələbə qazana bilməmişik”.

Əmirbəyov Premyer Liqada “ilk üçlüy”ə düşmək şanslarının qaldığına inanır: “Məqsədimiz 3-cü 4-cü yerlərdən birini tutmaqdır. Bunun üçün şansımız var. Vəzifəmiz qalan oyunları udmaqdır. Keçən il də belə başlamışdıq. Beşinci pillədə olsaq da, sonda çempion olmaq imkanımız da var idi. Təəssüf ki, onda “Qəbələ”yə məğlub olduq. Bu futboldur, ümidini üzməməlisən”.

Futbolçu “Bakı”nın ölkə kubokunda mübarizəni davam etdirdiyini, burdan da Avropaya yollana biləcəklərini qabardıb: “Kuboku yaddan çıxarmaq olmaz. Düzdür, indiki məqamda ancaq kuboku qazanmağı düşünməməliyik. Çünki kubok oyunlarına qədər çempionatda çətin görüşlərimiz var. Əvvəlcə həmin qarşılaşmaları udmalıyıq”.

Sonda qeyd edək ki, Rafael zədəli olduğu üçün “Qarabağ”la oyunu buraxacaq.