Rauf Əliyev: “Neftçi”ni çempion elan edənlər, hələ tələsməsinlər
15.04.2011 - 23:00
Rauf Əliyev: “Neftçi”ni çempion elan edənlər, hələ tələsməsinlər
“Bakı” zəif komanda deyil. İlk “altılıq”da sonuncu pillədə qərarlaşmaları onların asan yeniləcək komanda olması anlamına gəlməməlidir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın hücumçusu Rauf Əliyev deyib.

Son iki oyunda cəmi 1 xal qazanan “Qarabağ” liderlə xal fərqinin artmasına mane ola bilməyib. Qurban Qurbanovun yetirmələri bu gün uğursuz gedişə son qoymaq istəyir.

Ağdam təmsilçisi final mərhələsinin birinci dövrəsinin sonuncu turunda “Bakı” ilə gücünü sınayacaq. Turnir cədvəlinə və komandaların aktivindəki xallara diqqət yetirsək, “Qarabağ”ı matçın favoriti hesab etmək olar. Ancaq forvard bir qədər ehtiyatlı danışıb: “Bu komandanın da avrokuboklara vəsiqə qazanmaq şansı var. Çalışacaqlar bundan istifadə etsinlər. Ona görə də çətin matç olacaq. Əlbəttə, yeganə istəyimiz 3 xal qazanmaqdır”.

Artıq xal itirməməli olduqlarını da qabardan futbolçu bu baş verərsə, qərarlaşdıqları üçüncü yeri belə itirə biləcəklərindən ehtiyatlanıb: “Xal itirsək, liderdən, eləcə də ikinci pillədən geri qala bilərik. Həm də arxadan AZAL gəlir. Bu isə üçüncü pilləni itirməyimizə də gətirib çıxara bilər. Ona görə də, ancaq qələbə qazanmalıyıq”.

Əliyev bu günhü dueldə rəqibin meydana təzyiq altında çıxmayacaqlarını, bunun onların xeyrinə olacağını bildirib: “Bakı” rəsmi olaraq çempionluq şansını itirib. İndi həmin komandaya qarşı oynamaq çətin olacaq. Çünki onların itirəcəyi heç nə yoxdur. Ancaq bizim çempion olmaq şansımız davam edir. İstər-istəməz həyəcanlı olacağıq”.

Çempionluq məsələsinə də toxunan Rauf hələ şanslarının davam etdiyini bildirib: “Real danışsaq, şansımız davam edir. Ötən mövsümü unutmaq lazım deyil. Sonuncu turda turnir cədvəlində necə dəyişikliklər olduğunu hamı gördü. Lider olan “Xəzər Lənkəran” dördüncü pilləyə yuvarlandı, “İnter” çempion oldu, “Bakı” ikinci, biz isə üçüncü pilləni tutduq. Bir daha onu göstərir ki, sona qədər mübarizə aparmaq lazımdır. “Neftçi”ni çempion elan edənlər, hələ tələsməsinlər”.