“Komanda naminə meydana iynə vurdurub çıxacam”
15.04.2011 - 23:02
“Komanda naminə meydana iynə vurdurub çıxacam”
“Neftçi” ilə oyun asan olmayacaq. Liderə qarşı mübarizə aparacağıq. Ancaq bu 3 xal qazanmaq istəyimizi azalda bilməz. İstədiyimiz nəticəni qazanacağımıza inanıram”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın kapitanı Aqil Nəbiyev deyib.

Son turda “Bakı”nı məğlub etməklə dördüncü pillədəki mövqeyini möhkəmlədən və özündən üst sırada qərarlaşan “Qarabağ”la xal fərqini 4-ə endirən AZAL bu tendensiyanı davam etdirmək istəyir. Təbii ki, qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyan “təyyarəçilər” hər oyunu maksimum dəyərləndirməlidir.

Kapitan səfərdə baş tutacaq matçda heç-heçənin də qənaətbəxş nəticə olacağını düşünüb: “Heç-heçə də pis nəticə olmayacaq. Çünki səfərdə oynayacağıq. Qələbə qazansaq, irəlidəki komandalara yaxınlaşmış olacağıq. Komanda son oyunlarda yaxşı təsir bağışlayır. Ona görə də qələbə qazanmaq istəyirik”.

Final mərhələsində keçirdiyi 4 oyunun üçündə qələbə qazanan və ən çox xal toplayan paytaxt təmsilçisinin bu uğurunu təsadüfi adlandıranlar olsa da, futbolçular belə düşünmür: “Öz oyunumuzu tapmışıq. Bəziləri bunu təsadüfi hesab edirlər. Ancaq belə deyil. Komanda potensialından düzgün istifadə edir. Fikrimcə, “Neftçi”ni də məğlub edə bilərik”.

Bu arada zədəsi olan müdafiəçi iynə gücünə də olsa, meydana çıxacağını bildirib: “Diz qapağını birləşdirən vətərdə 2 mm yırtıq var. Hazırda müalicə olunuram. Məşq etsəm də, kollektivlə birgə hazırlıqlara qoşulmuram. Ancaq komanda naminə iynə vurdurub meydana çıxacam. Vacib və əhəmiyyətli oyundur. Həm də yığmaya dəvət edilmişəm”.