“Xəzər Lənkəran” - “Qarabağ”dan zəif, “Neftçi”dən güclü
18.04.2011 - 09:43
“Xəzər Lənkəran” - “Qarabağ”dan zəif, “Neftçi”dən güclü
Avropanın ən güclü futbol klublarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu statistika portallarından olan “infobank” son 365 gün üçün nəzərdə tutulan növbəti reytinq siyahısını yeniləyib.

Hər həftə yenilənən sıralamada Avropanın ən yaxşı 420 klubu yer alıb. Azərbaycan bu cədvəldə ötən həftə olduğu kimi, yenə 7 komanda ilə təmsil olunub.

Cədvəldə ən yaxşı komandamız olan “Qarabağ” 1 həftə ərzində irəliləyişə nail olub. Ağdam təmsilçisi 7 günə 6 pilləlik sıçrayış edib. İndi hesabında 44,84 xal olan komanda 81-ci pillədədir.

Ağdamlıların 1 həftə ərzində arxada qoyduğu komandalar sırasında Avstriya “Rapid”i, Xorvatiya “Xayduk”u, Macarıstan “Qyor ETO”su və İngiltərə “Everton”u da var. Yığmamızın üzvü Araz Abdullayevin məxsus olduğu komanda siyahıda 82-ci yerdədir.

Digər təmsilçilərimizdən 10 pillə irəliləyən “Xəzər Lənkəran” 122, 2 addım atan “Neftçi” 178-cidir. İlk “altılıq” da mübarizə aparan digər 3 komandamız 3-cü “100-lük”dədir. Lakin 19 addım geriləyən “Bakı” 218-ci yeri “İnter”ə verərək özü 237-ci yerə düşüb. “İnter” 6 pillə irəliləyibsə, AZAL 238-ci yerdən 241-ə enib. Hələ də ötən mövsümün bəhrəsini görən “Simurq” 4 addım aşağı düşərək 409-cu yerdə qərarlaşıb.

Siyahıya Pireney komandaları başçılıq edir. İspaniya təmsilçiləri “Real” 1-ci, “Barselona” 2-ci, Portuqaliyanın “Porto” klubu 3-cü yerdə qərarlaşıb.