Premyer Liqada yeni çempion, yaxud “El Klassiko” ilə “Böyük oyun”un oxşarlığı
18.04.2011 - 10:11
Premyer Liqada yeni çempion, yaxud “El Klassiko” ilə “Böyük oyun”un oxşarlığı
Azərbaycan Premyer Liqasında yeni qalibin olacağı dəqiqləşdi. Apasport.az saytının məlumatına görə, bu, son çempion “İnter”in titulunu rəsmən itirməsindən sonra bilindi.

“Bankirlər” son turda səfərdə “Xəzər Lənkəran”la oyunda (1:1) bərabərliyə qalıb, “Neftçi” isə evdə AZAL-a qalib gəlib (2:1). Bununla da, “İnter”lə lider arasında xal fərqi 16-ya yüksəldi. Bunu isə sona 5 tur qalmış aradan qaldırmaq qeyri-mümkündür. Bununla, “Bakı”dan sonra daha bir komanda çempionluqdan əlini rəsmən üzdü.

İndi çempionluq uğrunda 4 komanda yarışır ki, 4-cü pillədə gedən AZAL-ın bu mübarizədən kənarda qalacağını əminliklə deyə bilərik. Çünki “təyyarəçilər”in liderlə xal fərqi 14-dür və artıq növbəti turda onun da çempion ola bilməyəcəyi rəsmiləşəcək.

3-cü yerdəki “Qarabağ” ardıcıl 9 qələbə ilə cari çempionatın rekordçusu oldu və turnir cədvəlində vəziyyətini xeyli yaxşılaşdıraraq, qızıl medallara əsas namizədlərdən birinə çevrildi. Ancaq son 3 turda qələbə, qol üzünə də həsrət qalan ağdamlılar indi “Neftçi”dən 9 xal geri qalırlar. Bunu isə aradan qaldırmaq çətindir. 2-ci pillənin sahibi “Xəzər Lənkəran” isə “Qarabağ”ı cəmi 1 xal qabaqladığından, onun da işi müşküldür.

Düzdür, hər iki komandanın “Neftçi” ilə hərəyə bir oyunu qalıb və onu yenməklə, fərqi azalda bilərlər. Ancaq bununla iş bitmir və lider qalan matçlarda da xal itirməlidir.

Əslində, “Xəzər Lənkəran”la “Qarabağ” fərqin belə böyüməyində daha çox özlərini qınamalıdırlar. Çünki onlar çoxsaylı xal itkiləri ilə vəziyyətin bu həddə çatdırdı. Təkcə bir faktı qeyd edək ki, “Xəzər Lənkəran” “altılıq”da hələ qalib gəlməyib və ümumilikdə 11 xal itirib.

Digər məqam odur ki, “Neftçi” ilə “Xəzər Lənkəran” çempionatın son turunda görüşəcək. Lider bunadək 4 oyunda heç-heçə edərək xal itirsə, lənkəranlılar isə qalib gəlsə, həmin 8 xal aradan qalxacaq. Bu zaman çempionun kimliyi onların öz aralarındakı oyunda müəyyənləşəcək. Ancaq bunun baş verəcəyi real görünmür.

Əvvəla, “Xəzər Lənkəran”ın indiki psixoloji durumda qalan görüşlərdə qələbə qazanması çətin məsələdir. “Neftçi” hətta 1 qələbə qazansa, lənkəranlıların planları pozulacaq. Bütün bunları nəzərə alsaq, “ağ-qaralar” sona 5 tura qalmış fərqi 8 xala çatdırmaqla, çempionluğa doğru böyük addım atdı. Hadisələrin belə gedişi ilə “Neftçi” “Xəzər Lənkəran”la oyuna artıq yeni çempion kimi çıxacaq. Bu isə 6 illik həsrətin bitməsi demək olacaq.

Maraqlıdır ki, Azərbaycan Premyer Liqası ilə İspaniya Primerosunda eyni vəziyyət yaranıb. Yəni, liderlə ən yaxın izləyicisi arasında xal fərqi 8-dir. “Neftçi” “Xəzər Lənkəran”ı, “Barselona” isə “Real”ı bu qədər qabaqlayır. Təbii ki, nə komandaların, nə də çempionatların səviyyəsi müqayisə olunmazdır. Bu, sadəcə, bir riyazi fərqin eyniliyidir. “Real” son turda “Barselona” ilə evdə “El Klassiko”nu qalib gəlməməklə (1:1), xal fərqini azalda bilmədi. Əzəli rəqiblər yaxın vaxtda hələ 3 dəfə görüşməli olsalar da, bu, digər turnirlərdəki matçlardır.

Deməli, “Real”ın “Barselona” ilə çempionatda daha görüşü qalmadığından, hər şey ondan təkcə ondan asılı deyil. “Xəzər Lənkəran”ın isə “Neftçi” ilə “Böyük oyunu” qalıb...

Mehman SÜLEYMANOV