Yoahim Löv Azərbaycanla oyun ərəfəsində sevindi
18.04.2011 - 10:25
Yoahim Löv Azərbaycanla oyun ərəfəsində sevindi
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Bundesliqanın son oyunlarından sonra futbolçularının durumundan razılığını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Bundestimin çalışdırıcısı komandasının kapitanı Mihael Ballakın zədədən sonra yaxşı formada olmasına sevinir.

Löv 2010-cu ilin martından sonra yığmaya kömək edə bilməyən yarımmüdafiəçinin zədələr seriyasından sonra yığmaya qayıtmağa hazır olduğunu düşünür: “Ballak fiziki baxımdan xeyli yaxşılaşıb. Artıq yaxşı formadadır. Bu, elə mənim gözlədiyimdir. Futbolçu məndə xoş təəssürat yaradır”.

Qeyd edək ki, Almaniya yığması növbəti 3 oyunundan birində məhz millimizlə görüşəcək. Lövün yetirmələri mayın 29-da Uruqvayla yoldaşlıq, iyunun 3-də Avstriya, 7-də yığmamızla qarşılaşacaq.