İtaliyalılar yığmamızı udan komandadan narazı qalıblar
18.04.2011 - 12:06
İtaliyalılar yığmamızı udan komandadan narazı qalıblar
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin İtaliyada keçirdiyi son yoxlama oyunu apeninlilərin diqqətindən kənar qalmayıb. Apasport.az saytının məlumatına görə, Vəli Qasımovun yetirmələrini 2:0 hesabı ilə məğlub edən D seriyası təmsilçisi “Renate”nin sərgilədiyi oyun italiyalıları narazı salıb.

“Mario Riboldi” stadionundakı qarşılaşma ilə bağlı qısa şərhə ehtiyac duyan “Renate”nin rəsmi saytında da eyni fikir ifadə olunub: “Komandamız heç bir xoş təəssürat yaratmadan 2:0 hesabı ilə qalib gəldi. Futbolçularda həyəcan və mənasız emosiyalar aşkar hiss olunurdu. Azərbaycan yığması üstünlüyü ələ alıb daha çox hücum edirdi. Amma bu həmlələr sonluğa çatdırılmırdı. Qapıçımız Kampironi oyun boyu ciddi təhlükə ilə üzləşmədi”.

Qeyd edək ki, italiyalılar yığmamızın qapısına qolları 66 və 74-cü dəqiqələrdə vurublar.