“Çalışırıq ki, çempionluğu son tura saxlamayaq”
18.04.2011 - 17:03
“Çalışırıq ki, çempionluğu son tura saxlamayaq”
Bakının “Neftçi” klubunun futbolçusu Rəşad Abdullayevin apasport.az saytına müsahibəsi

- Hesabat turunda AZAL üzərində əzmkar qələbə qazandınız. Evdəki qalibiyyətin çətin alınmasını və ilk hissədə zəif təsir bağışlamağınızı nə ilə izah edərdiniz?
- Oyun bizim üçün çətin başladı. Matç gözlədiyimiz kimi start götürmədi. Oyuna yenicə başlamışdıq ki, ilk dəqiqələrdə qol buraxdıq. Bundan sonra bir az çətin oldu, komanda özünə gələ bilmədi. Deyərdim ki, ilk hissədə yaxşı oynamadıq. Həm pis başladıq, həm də istədiyimiz oyunu göstərə bilmədik. Ancaq fasilədən sonra toparlandıq, tez qol vuraraq, sonda lazımi nəticəni qazandıq.

- Baş məşqçi Arif Əsədovun fasilədə verdiyi göstərişlər öz sözünü dedi. Həmin göstərişlər nədən ibarət idi ki, ikinci hissənin əvvəlində 3 dəqiqəyə 2 qol vurub, matçın taleyini həll etdiniz?
- Söhbət oldu ki, öz oyunumuzu oynamalıyıq. Sadəcə, komanda 2-ci oyundur dalbadal erkən qol buraxandan sonra tələskənliyə düşdü. Çalışırdıq ki, tez hücum edib, hesabı bərabərləşdirək. Tələsik hücumlar öz bəhrəsini vermirdi. Baş məşqçi sakit oynamağı, tələsməməyi tövsiyə etdi. Yaxşı oldu ki, qolları 2-ci hissə başlayan kimi vurduq. Bu, bizə daha çox kömək oldu və oyunu ələ ala bildik.

- Ən yaxın izləyiciləriniz olan “Xəzər Lənkəran”la “Qarabağ” sizdən bir gün əvvəl heç-heçə edərək, vacib xallar itirmişdilər. Bəlkə buna görə sizdə yaranmış arxayınçılıq problem yaratdı?
- Deməzdim ki, meydana arxayın çıxmışdıq. Düzdür, yaxın rəqiblərimiz xal itirmişdi. Ancaq oyundan əvvəl söhbət etmişdik ki, bu, bizi arxayınlaşdırmamalıdır. Çünki hələlik heç nə həll olunmayıb. Erkən qol oyunumuza mənfi təsir göstərdi. Həmişə standart vəziyyətdən vurulan qol gözlənilməz olur. Bu dəfə də belə oldu və buna görə də komanda şoka düşdü. Ən əsası odur ki, komanda öz gücünü göstərdi. Çempionluğa oynayan komanda, çətin vəziyyətdə yığışmağı bacarmalıdır. Biz də çətin vəziyyətdə toparlana bildik və məncə, hesabı 0:1-dən 2:1 etmək böyük şeydir.

- “Neftçi” son 2 oyunda ilk dəqiqələrdə qol buraxaraq, çətin vəziyyətə düşür. Erkən qol buraxmağınızın səbəbini nədə görürsünüz?
- Fikrimcə, standart vəziyyətdə konsentrasiyanı itirdik. Belə oyunlarda hesabda geridə ola bilərsən. Əsas geridə olanda komandanın gücünü göstərməkdir. Əgər komanda yığışa, hesabı, oyunun taleyini dəyişə bilirsə, məncə, bu, böyük şeydir.

- Vurduğunuz qol baxımlı alındı. Bunu karyeranızda ən gözəl qollardan biri sayırsınız?
- Əlbəttə. Şükür ki, hər şey belə gözəl alındı. Gözəl olmaqla yanaşı, həm də vacib qol idi. Məni ən çox sevindirən odur ki, komandam üçün vacib qola imza atdım. Həmin anda rəqibin cərimə meydanında bir anlıq qarışıqlıq düşdü və top mənə qayıtdı. Mən də güclü zərbə ilə qapıya vurdum və tirə dəyən top əvvəl yerə, sonra isə tora düşdü. Bu qolun komandam üçün önəmli olması, özüm üçün çox yaxşı oldu. Bundan sonra AZAL özünü itirdi və biz də bundan istifadə edərək, 2-ci qolu vurduq.

- Qələbə topunun müəllifi olan Emin Mpenza zədədən, uzun fasilədən sonra qol vurdu. Özü də maraqlıdır ki, siz bir çox oyunlarda birgə qol vurursunuz...
- Elədir. Fikir vermişəm ki, cari çempionatda qollarımın çoxunu uzaq məsafədən vururam. Qismət elədir ki, biz birgə oynayanda Emin də qol vurur, mən də. Bu, təsadüfdən də ola bilər.

- Mpenza çempionatımızın bombardiri olan, uzun müddətdir qol vura bilməyən Bahodir Nasimovun yoxluğunda etimadı doğrultdu...
- Məncə, Bahodirin meydanda yeri çox görünürdü. Çünki son oyunlarda qol vurmasa da, rəqib müdafiəçiləri daim özünə cəlb edərək, gərginlikdə saxlayır. Nasimov rəqib müdafiəni həmişə təzyiqdə saxlayan futbolçudur. Qabağında belə hücumçu oynayanda biz yarımmüdafiəçilərə çox rahat olur. Onun irəli necə getməyindən hiss edirsən ki, qabaqda güclü hücumçun var. Bahodirlə Eminin birgə oyunu çox yaxşı alınır. Mpenzanın son vaxtlar oyun praktikası az idi. Ancaq göstərdi ki, doğrudan da səviyyəli futbolçudur.

- “Altılıq”da ilk dövrə bitdi və sona 5 tur qalmış 8 xallıq fərqlə irəlidəsiniz. Artıq çempionluğu qazanmaq haqda düşünmüsünüz?
- Hələ yox. Çünki qarşıda hələ 5 oyun var. Çempionluq 3 turdan sonra, müəyyənləşə bilər. Həmin vaxt üstünlüyümüzü qoruya bilsək, çempion olmağımız yüz faiz bilinəcək. Deyərdim ki, hələ 70 faiz işimizin öhdəsindən gələ bilmişik. “Altılıq”da zəif rəqiblər olmadığından, qarşıda çətin oyunlarımız var. Onlara maksimim xal üçün çıxaraq, çempionluğu təmin edə bilərik.

- Bu reallaşsa, karyeranızda 2-ci də çempion olacaqsınız. İlk çempionluğu qazandığınız, əsas rəqibiniz olan “Xəzər Lənkəran” qışda güclü heyət yığsa da, “altılıq”da uğursuz çıxış edir. Bu komandanın hələ də qalib gəlməməyinin səbəbini nədə görürsünüz?
- “Xəzər Lənkəran” çox güclü rəqibdir. Mən oyunda da bunu hiss etmişəm. Onlara qarşı oynamaq çox çətindir, heyətində səviyyəli futbolçular var. Bunlar əsasən legionerlərdən qurulub. Hiss olunur ki, çox güclü komandadır. Bəlkə “Xəzər Lənkəran”da nəsə çatışmır ki, son anda qələbə qazana bilmirlər. Hələlik “altılıq” oyunlarında buna nail ola bilməyiblər. 4 heç-heçə ediblər, 1-i uduzublar. Bu, bizim işimizə daha çox yarayır. Çünki “Xəzər Lənkəran” çempionluq uğrunda əsas rəqibimizdir. Onların hər dəfə xal itirməsi, bizi istədiyimiz nəticəyə bir qədər də yaxınlaşdırır.

- “Neftçi” son turda “Xəzər Lənkəran”ı qəbul edəcək. Proqnozunuz necədir: həmin oyuna çempion kimi çıxacaqsınız?
- Çalışırıq ki, çempionluğu son tura saxlamayaq. Çünki Allah bizə bu cür şans verib. Rəqiblərimiz xal itirir, biz isə qalib gəlirik və nəticədə xal fərqimiz daha artırır. İstəyirik ki, qarşıdakı 2-3 oyunda istədiyimizi əldə edək. Son turda həyəcan çox olur və özü də “Xəzər Lənkəran”la oyun final ab-havasında keçir. Çempionluğu “Xəzər Lənkəran”la oyuna kimi qazanmaq istəyirik. Biz öz oyunlarımızda qalib gəlsək, çox böyük xal fərqi ilə çempion ola bilərik.

Mehman SÜLEYMANOV