Rəşad Abdullayev: Görünür, Berti Foqts mənim kimi futbolçuları xoşlamır
18.04.2011 - 17:34
Rəşad Abdullayev: Görünür, Berti Foqts mənim kimi futbolçuları xoşlamır
“Açığı, yenidən milliyə çağırılacağıma ümidimi itirmişəm. Görünür, yığmamızın baş məşqçisi Berti Foqts mənim kimi futbolçuları xoşlamır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Abdullayev deyib.

Berti Foqts milli komandamızı çalışdırdığı 3 ildə heç vaxt Abdullayevi yığmaya çağırmayıb. Hərçənd, Rəşad uzun illər “Xəzər Lənkəran”da, son 2 ildə isə “Neftçi”də daim əsas heyətdə oynayır.

Abdullayevin Foqtsun izlədiyi oyunlarda etdiyi canfəşanlıq nəticə verməyib. Ancaq o, istənilən halda, Foqtsun qərarına hörmətlə yanaşdığını bildirib: “Bu, onun öz fikridir. Mən klubumda öz çıxışımla futbol oynaya bildiyimi göstərməyə çalışıram. Görünür, Foqts başqa tipli, oyun üslubu olan futbolçular xoşlayır. Mən əsasən çempionatda özümü göstərməyə çalışıram. Çünki millinin baş məşqçisi çempionatda klublar arasında oyunları izləyərək, seçimini edir və yəqin ki, məni millidə görmür. Ancaq bu, məni qətiyyən “sındırmır”. Əksinə, daha böyük, ikiqat güclə hazırlaşaraq, oyunlarımı oynayıram. Baş məşqçi məni millidə görmürəmsə, gücümü maksimum klubuma sərf etməyə çalışıram. Gələcəkdə nə vaxtsa başqa məşqçilərdən dəvət almağım mümkündür. Milli naminə canla-başla oynayaram”.

Qeyd edək ki, Rəşad braziliyalı Karlos Alberto Torresin baş məşqçiliyi dövründə debüt etdiyi millimizdə 10 oyun keçirib.

Mehman SÜLEYMANOV