Mpenzanın gücü AZAL-a çatır
18.04.2011 - 18:00
Mpenzanın gücü AZAL-a çatır
“Neftçi” klubunun belçikalı futbolçusu Emil Mpenza AZAL-a qol vurmaq üzrə ixtisaslaşıb. Apasport.az saytının hesablamalarına görə, indiyə kimi 6 dəfə fərqlənən təcrübəli hücumçu çempionatda ilk və hələlik son qolunu “təyyarəçilər”ə vurub.

Emil son turda 90 oynadığı AZAL-la matçda qələbə topunu vuraraq, komandasına vacib 3 xal qazandırdı. Bu, çempionluq uğrunda mübarizədə çox önəmli qələbə və bunun böyük ölçüdə həll olunması demək idi. Mpenza Tofiq Bəhramov adına Respublika stadionunda ötən ilin oktyabrın 1-də qapıçı Elşən Poladovu (VIII turda 1:0), bu ilin aprelin 17-də (XXVII turda 2:1) onu əsas heyətdən sıxışdıran Cahangir Həsənzadəni məyus etdi.

Emil hər iki dövrədə “Gəncə”nin (oktyabrın 23-də X turda evdə 6:2 və dekabrın 18-də XVIII turda səfərdə 4:0) qapısına yol tapa bilib. O, daha 2 qolunu da mərkəzi arenamızda - noyabrın 6-da “İnter”ə (XII turda 1:1) və dekabrın 23-də “Turan”a (XIX turda 2:0) vurub. Qış fasiləsində zədələnərək, cərrahiyyə əməliyyatı olunan və nəticədə son təlim-məşq toplanışı buraxan Emil “altılıq”da yaşıl meydana qayıtdı. O, “Neftçi”də növbəti qolunu 115 gün gözləməli oldu.

Maraqlıdır ki, Mpenza nəinki “Neftçi”nin, cari mövsümdə Premyer Liqamızın bombardiri olan Bahodir Nasimovun iştirak etmədiyi hər iki oyunda onun yoxluğunu hiss etdirməyib. Bu, belçikalının son 2 qolunu vurduğu “Turan” və AZAL-la görüşlərdir. Digər maraqlı məqam odur ki, Emil qollarının yarısını komanda yoldaşı Rəşad Abdullayevlə birgə vurub. Bu, Nasimovun oynamadığı və “Neftçi”nin “Gəncə”yə səfərdə böyük hesabla qalib gəldiyi matçlardır.

Qeyd edək ki, Emil 6 qolla bombardirlər yarışında AZAL-ın mərakeşli yarımmüdafiəçisi, “Neftçi”yə son oyunda qol vuran Zohair Benouahi ilə birgə 12-13-cü yerləri bölüşdürür.