“Bayer” darmadağın oldu, Berti Foqts yada düşdü
19.04.2011 - 09:25
“Bayer” darmadağın oldu, Berti Foqts yada düşdü
Almaniya Bundesliqasının hesabat turunda keçirilən “Bavariya” – “Bayer” qarşılaşması böyük müzakirələrə səbəb olub. Apasport.az saytının məlumatına görə, ötən tur baş məşqçisi Lui van Qalı istefaya göndərən münhenlilərin 5:1 hesablı qələbəsi böyük əks-səda doğurub. Hələlik baş məşqçisiz qalan “Bavariya”nı bu görüşə Andres Yonker çıxarmışdı ki, almanlar da onun uğurlu debütünə biganə qalmayıblar.

Alman həmkarlarımız hətta Frans Bekkenbauer kimi əfsanənin də debütdə uğur qazanmamasını vurğulayıblar. Onların fikrincə yaxşı start heç də uğurlu sonluq vəd etmir: 2000/01 mövsümünün gedişində “Bayer”in baş məşqçi postuna gətirilən Berti Foqts çox erkən sevindi. Cəmi 1 dəqiqədən sonra o, ilk qolu gördü. Bu, “Hamburq”la səfər oyunundakı 3:1 hesablı qələbənin əldə olunduğu qarşılaşmada yaşandı. Lakin sonda komandası 4-cü olduğu üçün klubdan ayrılmalı oldu.

Qeyd edək ki, Azərbaycan milli komandasının baş məşqçisi Foqtsun “Bayer”də çalışdığı 2000/01 mövsümündə komandada Ze Roberto, Oliver Noyvill və Robert Kovaç kimi ulduzlar çıxış edirdi.