“Xəzər Lənkəran”la oyunadək hər şey mənə məlum idi”
19.04.2011 - 12:04
“Xəzər Lənkəran”la oyunadək hər şey mənə məlum idi”
Bakının “İnter” klubunun prezidenti Georgi Nikolovun apasport.az saytına müsahibəsi

- 2011-ci ilə uğurla başlayıb, “Birlik kuboku” turnirinin qalibi oldunuz. Ancaq Premyer Liqanın hesabat turunda komandanızın çempionluq titulunu itirməsi rəsmiləşdi...
- Əslində, “Xəzər Lənkəran”la oyunadək hər şey mənə məlum idi. Çünki komandada oyun tempi aşağı düşmüşdü. Təsadüfi deyil ki, “altılıq”da bir oyunda qalib gələ bilməmişik. Belə olan halda, hansısa nəticəyə ümid etmək çətin idi. Ona görə, çempionluq şansının itirildiyini özüm üçün müəyyənləşdirmişdim. Buna görə çox üzülmədim. Çünki futbolda hər zaman qalib olmaq mümkün deyil. Məğlubiyyəti də qəbul etməyi bacarmaq lazımdır.

- Mükafatçılar sırasına düşməyiniz də çətin olacaq. Hər halda, ilk “üçlük”dən çox geri qalırsınız. Bütün bunları böyük uğursuzluq sayırsınız?
- Düzdür, medal qazanmağımız da çətindir. Turnir cədvəlində ilk “üçlük”də yer alan “Neftçi”, “Xəzər Lənkəran” və “Qarabağ” xalların sayına görə bizi çox qabaqlayır. Belə fərqlə mükafatçılar sırasına düşsək, möcüzə olar. Ancaq deməzdim ki, cari çempionatda böyük uğursuzluğa düçar olduq, iflasa uğradıq. Nəzərə alaq ki, çempionluq uğrunda təkcə “İnter” mübarizə aparmır. Güclü rəqiblərimiz var. Hər komanda mövsüm öncəsi çempionluğa iddiası haqda danışır. “Neftçi”nin güclü heyəti var, güclü seleksiya işləri görüb, yaxşı, sabit oyun nümayiş etdirir. “Xəzər Lənkəran”ın da yaxşı heyəti var. “Qarabağ” da ən güclü komandalardan biridir. AZAL-ın cari mövsümdə çıxışını xoş sürpriz kimi dəyərləndirmək olar. Təəssüf ki, “İnter” cari çempionatda ən yaxşı keyfiyyətlərini sübut edə bilmədi.

- Elə isə cari çempionatda nəyə ümid edirsiniz? “Altılığ”ın II dövrəsində stimul nədən ibarətdir?
- Çempionatda şansımız qalmasa da, qalan oyunlara ciddi yanaşacağıq. Həm “İnter”in adına, həm də çempionata marağı və səviyyəsinin artmasına görə mübarizəmizi davam etdirəcəyik. Biz ilk növbədə komandamızın nüfuzuna görə oynayacağıq.

- 4-cü yeri tutsanız, Avroliqaya düşə bilərsiniz. Bu, “Xəzər Lənkəran”ın kuboku qazanacağı halda reallaşacaq. 5-ci yerdə olan “İnter”in 4-cü pillədə qərarlaşan AZAL-dan cəmi 2 xal geri qaldığını nəzərə alsaq, buna nail olmağınız realdır...
- Sizinlə razıyam. Dediyiniz kimi olarsa, 4-cü yer Avroliqaya vəsiqə qazanacaq. Ancaq avrokuboklara bu cür, necə deyərlər, son qatara özünü çatdırmaqla yollanmaq istəməzdim. Bunu özümüz qazansaq, daha yaxşı olardı.

- Azərbaycan kubokunda mübarizənizi davam etdirdiyinizdən, titul qazanıb, mövsümü xilas edə bilərsiniz...
- Kuboku qazana bilərik. Çempionatda işlərimiz belə gedəndən sonra əsas diqqətimizi ölkə kubokunu yönəltmişik. Bunu qazanmağa real şansımız var. Allah qismət etsə, bunu nail olacağıq. İndiyə kimi kolleksiyamızda ölkə kuboku yoxdur. Kim bilir, bəlkə elə mövsümdə bu həsrətə son qoyduq. Sonda çempion olmayıb, kubokla kifayətlənə bilərik. Hər halda, kubok da tituldur.

- “Neftçi”ni cari mövsümün çempionu kimi görürsünüzmü? Necə düşünürsünüz, lider 8 xallıq fərqi əldən buraxacaq?
- Hesab edirəm ki, “Neftçi” belə böyük fərqlə çempionluğu demək olar təmin edib. 8 xallıq fərdi aradan qaldırmaq çətindir. “Neftçi”yə indidən Çempionlar Liqasında uğurlu çıxış arzulamaq olar.

- Mövsümün sona yaxınlaşdığını nəzərə alsaq, heyətdəki dəyişiklər, müqaviləsi bitən futbolçularla bağlı məsələyə aydınlıq gətirirsiniz?
- Hələ yox. Mövsüm bitməmiş heyətdəki dəyişikləri reallaşdırmağı düzgün saymıram. Biz cari mövsümün sonuna kimi bütün futbolçularımıza bel bağlayacağıq. Bundan sonra isə məşqçilər korpusu heyətlə bağlı məsələlər üzərində çalışacaq. Hər halda, heyətimizin özəyi qalacaq.

- Onu da nəzərə alaq ki, baş məşqçi Kaxaber Sxadadze ilə müqaviləni uzatdınız...
- Elədir. Sxadadze ilə əməkdaşlığı ilə davam etdirəcəyimiz birmənalıdır. Biz elə komandayıq ki, baş məşqçi ilə uzun müddətli əməkdaşlığa üstünlük veririk...

- Qışda “Simurq”a icarəyə verilən Mario Souzanın gələcək taleyi müəyyənləşib?
- Mario hələ düşərgəmizə qayıtmayıb. Bildiyimə görə, qasıq nahiyəsində xəsarət alıb. Bu üzdən oynamayaraq, hələ ki yalnız məşq etməli olur. Souzanın məsələsinə mövsümün sonunda aydınlıq gətirəcəyik.

Mehman SÜLEYMANOV