“Qəbələ”nin vidalaşacağı futbolçulardan biri müəyyənləşib
19.04.2011 - 13:16
“Qəbələ”nin vidalaşacağı futbolçulardan biri müəyyənləşib
“Qəbələ” klubunun vidalaşacağı futbolçulardan biri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, komandanın ingilis baş məşqçisi Toni Adams sərəncamında olan yeganə həmyerlisi Terri Kuku saxlamağı lazım bilməyib. Vaxtilə “Mançester Yunayted”də oynamış 35 yaşlı tanınmış yarımmüdafiəçinin mövsümün sonunda bitəcək müqaviləsi uzadılmayacaq.

Əslində, Kuk uzun müddətdir zədə üzündən qəbələlilərə kömək edə bilmədiyindən, onun gedişi gözlənilməz deyil. Məsələ ondadır ki, Terri hələ XIV turda, ötən ilin noyabrın 20-də “Neftçi” ilə səfərdə qolsuz bərabərliyə qaldıqları oyunda azır zədələnərək, uzun müddətə sıradan çıxıb. Bundan sonra Londonda cərrahiyyə əməliyyatı olunan legioner bərpa prosesi keçir. İndi Kuk ABŞ-dadır ki, bu da ailəsi ilə birgə orada yaşaması ilə bağlıdır. “Qəbələ” heyətində 12 oyunda (413 dəqiqə) 1 qol vuran, 1 sarı vərəqə alan Terri ilə mövsümün sonunda yollarını rəsmən ayıracaq.

Adamsın zədə problemləri təkcə Kukla bitmir. Belə ki, braziliyalı yarımmüdafiəçi Bruno da Silva çiynində aldığı xəsarətə görə artıq mövsümü bitirib. Komandanın qışda transfer etdiyi hollandiyalı hücumçu Con Kollinsonun zədə problemi mövcuddur. Onun cari mövsümdə meydana çıxacağı real görünmür. Conla birgə qışda alınan Syerra-Leonedən olan yarımmüdafiəçi Alhassan Banqura isə müvəqqəti düşərgəni tərk edib. Belə ki, ötən həftə icazə alaraq şəxsi işləri ilə əlaqədar vətəninə yollanan Banqura növbəti turda MOİK-lə ev oyununa kimi Adamsın sərəncamında olacaq.

Mehman SÜLEYMANOV