Georgi Adamiyanın mükafatını oğurladılar
19.04.2011 - 14:38
Georgi Adamiyanın mükafatını oğurladılar
Azərbaycan futbol ictimaiyyətinin diqqəti sabah yenidən “Uniplaza”ya yönələcək. Buna səbəb Premyer Liqada fevral və martın ən yaxşı futbolçularının mükafatlandırılma mərasimidir.

Əksər hallarda 2 ayın ən yaxşısını eyni vaxtda müəyyənləşdirən təşkilatçılar növbəti dəfə səhvə yol veriblər. Apasport.az saytının hesablamalarına görə, 2 ayın ən yaxşısının eyni vaxtda seçilməsi, ölkəmiz üçün qeyri-münasibdir.

Çünki təşkilatçılar olan Unibank və Peşəkar Futbol Liqasının birgə sorğusuna qatılanların bir qismi 2 ay əvvəl baş verənləri yaxşı xatırlamadığından, seçim obyektiv olmur. Bunda da daha böyük yanlışlıq məhz təşkilatçıların üzərinə düşür.

Çünki hazırda arxaya baxanlar kimlərin parladığını aşkar görürlər. Lakin bunların hansının fevral, hansının marta təsadüf etdiyini görmək hər seçiciyə nəsib olmur. Bunun üçün, sadəcə hisslərə qapılıb seçim etmək yetərli deyil, gərək, bütün oyunların tarixlərini də qarşıya qoyub düşünəsən.

Bu dəfə də elə oldu. Sabah keçiriləcək mükafatlandırma ərəfəsində qaliblərin adları guya gizli saxlanılsa da, Rauf Əliyevin fevralda, Flavinyonun isə martda ən yaxşı seçildiyi artıq çoxlarına məlumdur. Belə seçim isə gecikən sorğunun yanlışlığından xəbər verir.

Əslində, mart ayı ilə bağlı braziliyalının ən yaxşı olacağı heç kimdə şübhə doğurmurdu. Hazırda Premyer Liqanın ən yaxşı oyunçusu olan “sambaçı” zədədən sonra yenidən komandasının lideri olmaqla kifayətlənməyib, çempionluq yolunda “Neftçi”nin əsas silahına çevrilib. Artıq qızıl medalların bir addımlığında olan “ağ-qaralar”ın bu uğurunda Flavinyonun rolu nəinki futbolçulardan, hətta məşqçilərindən də çoxdur. Elə martda da bunun şahidi olmuşduq.

Amma fevralda... Təqvimi qarşımıza qoyan kimi diqqəti 1 şey cəlb edir: Ayın komandası “Qarabağ”dır. Həmin vaxt ötən ildən qalma qələbə seriyalarını davam etdirən Qurban Qurbanovun yetirmələri ayı itkisiz başa vurdular: 3 oyun və 3 qələbə. Təbii ki, ən yaxşı da bu klubdan olmalı idi.

Əksər həmkarlarımız, hətta klubun rəsmi saytı da həmin vaxtlar yalnız bir qəhrəmandan yazırdı. Bu, Georgi Adamiya idi. 2011-ci ildə keçirdiyi ilk 5 oyunda meydanı qol vurmadan tərk edən gürcüstanlı legioner fevralda da məhsuldarlığı ilə diqqətləri özünə çəkmişdi. 3 oyunda vurduğu 4 qol həm özünün bombardirlər yarışında, həm də komandasının mükafatlar uğrunda iddialı olduğunu bir daha ortaya qoymuşdu. Amma bunun qarşılığında fevralın ən yaxşısı Adamiya deyil, Rauf seçildi.

Bəlkə də bəzi respondentlər hansısa gürcü balasını azərbaycanlıdan üstün tutmamaqla, vətənpərvərlik etdiyini düşündü. Bəlkə də hansısa respondent Adamiyanın fevralda 4 qol vurduğunu unutdu. Amma hər iki halda, bu ən yaxşının düzgün seçim olmadığını göstərir. Bəlkə də fevralın ən yaxşısını təxminən 50 gün keçəndən sonra deyil, martın əvvəlində müəyyənləşdirsəydilər, Adamiyanın layiq olduğu mükafat “oğurlanaraq” başqasına verilməyəcəkdi. Bəlkə çoxdur, faktlar isə...

Ən yaxşısı, Raufla Adamiyanın fevraldakı oyunlarına baxmaqdır.

 

Georgi Adamiya

Rauf Əliyev

XX tur, “Qəbələ” – 3:0

78 dəqiqə, 1 qol

90 dəqiqə, 1 qol

XXI tur, “Gəncə” – 1:0

90 dəqiqə, 1 qol

81 dəqiqə

XXII tur, “Turan” – 5:1

90 dəqiqə, 2 qol

75 dəqiqə, 1 qol

 

258 dəqiqə, 4 qol

246 dəqiqə, 2 qol



Göründüyü kimi, Adamiya Əliyevdən ikiqat artıq – 2 deyil 4 qol vurub. Həm də baş məşqçi üçün Adamiyanın meydanda olması daha çox lazım olub. Çünki komandanı xilas edə biləcək.

Bəlkə də bəziləri iddia edər ki, 4 qol vurmaq heç də o demək deyil ki, 2 qol vurandan yaxşı oynayıb. Lakin qoldan qola da fərq var. Raufun susduğu “Gəncə” ilə görüşdə vurulan tək qol 3 xala bərabər idi. Həmin topun ötürməsini də Samir Abasov etdiyindən Əliyevin həmin qələbədə böyük rolu olmayıb. Ən azı Adamiya qədər.

Bir sözlə, digər 2 qarşılaşmada Rauf Georgi ilə müqayisə oluna bilərsə, gəncəlilərlə görüşdə bu mümkünsüzdür.

Bəlkə də respondentlər Raufun ilk “altılığ”ın “İnter”ə vurduğu qolu da yaddan çıxarmayıb. Düşünə bilərlər ki, Əliyev 3 qol vurub. Ona qalsa, Adamiya da onda qol vuranlardan biri olub. Hətta növbəti matçda da fərqlənərək, AZAL-la görüşdə qələbə topunun müəllifi idi. Lakin bunlar fevralda deyil, martda yaşanıb. Seçicilərin zamanla çaş-baş qalması isə yalnız 1 səbəbdəndir: fevralın ən yaxşı futbolçusunu indi seçməkdən.