“Real”&“Barselona”: Kölgədə qalan tarix
20.04.2011 - 11:14
“Real”&“Barselona”: Kölgədə qalan tarix
“Real” və “Barselona” bu gün növbəti futbol bayramının iştirakçısı olacaqlar. Apasport.az saytının məlumatına görə, “El Klassiko”nun barışmaz rəqibləri bu dəfə İspaniya kubokunun finalında neytral meydanda görüşəcəklər. Bakı vaxtilə saat 00:30-da başlayacaq matç Valensiya şəhərindəki “Mestalya” stadionunda keçiriləcək.

Əslində, bu komandalar arasında oyunlardan söz düşəndə, ilk növbədə çempionatda, yaxud avrokuboklarda, Çempionlar Liqasındakı (əvvəllər Çempionlar Kuboku) matçlar xatırlanır. Bu mənada ölkə kubokundakı görüşlər kölgədə qalsa da, əslində, tarix məhz ondan başlayır. Yəni, onların ilk dueli, hələ “El Klassiko” adlanmayan görüş məhz İspaniya kubokunda olub: 1902-ci il mayın 13-də.

Mayın 17-də İspaniyada vacib hadisə gözlənilirdi ki, bu da XIII Kral Alfonsonun həddi-buluğa çatmasının qeyd olunması idi. Bununla bağlı bayram tədbirlər çərçivəsində futbol turniri keçirməyi qərara alır. İdeyanı verən Karles Padres Rubio olub. Maraqlıdır ki, o, Barselonada doğulsa da, “Real”ın yaradıcılarından, sonra isə prezidenti olub.

Rubionun təşəbbüsündən sonra mayın 13-də Madrid hippodromunun meydanına “Barselona” ilə “Madrid” komandaları çıxırlar. Madridlilər “Real” adını sonradan, 1920-ci il iyunun 29-da daşıyıblar. İlk görüş zaman “Barsa” 2,5 il mövcud idisə, gələcək “Real” isə yalnız 2 aylıq olub. Bəlkə də buna görə yarımfinala təsadüf edən ilk oyun “Barselona”nın 3:1 hesablı qələbəsi ilə nəticələnib. “Real”a son qolu penaltidən “Barsa”nın yaradıcısı Joan Qamper vurub.

Əzəli rəqiblər kubokda 29-cu dəfə görüşəcəklər. Arxada qalan 28 matçın yarısında “Barselona” qalib gəlib, “Real” isə 9 qələbə qazanıb. Katalonlar kubokdakı mübarizələrin yekununda da liderdirlər. Belə ki, onlar cütlükdən 9, “Kral klubu” 7 dəfə qalib ayrılıb.

Bu, “Real”la “Barselona”nın ölkə kubokunun finalında 6-cı görüşü olacaq. Bunda da üstünlük kataloniyalıların tərəfindədir – 3:2. Komandalar “Mestalya”da finalda artıq bir dəfə üzləşiblər ki, bu 1989/90 mövsümündə olub. Onda əfsanəvi Yohan Kroyffun baş məşqçisi olduğu “Barsa” “Real” üzərində inamlı qələbə qazanıb – 2:0. “Barselona” sonuncu dəfə İspaniya kubokunu 2009-cu ildə qazanıbsa, “Real" 1993-cü ildən bəri buna həsrət qalıb. Madridlilərin portuqaliyalı baş məşqçisi Joze Mourinyo buna son qoyarsa, ötən yaydan çalışdırdığı komanda ilə ilk titulunu qazanacaq.

Qeyd edək, 18 günlük “El Klassiko” futbol tamaşası aprelin 16-dan başlayıb və çempionatda Madriddə keçirilən görüş 1:1 hesabı ilə nəticələnib. Ancaq bugünkü oyun kubok mübarizəsi olduğundan, qalib mütləq müəyyənləşməlidir. “Real”la “Barselona” ardından Çempionlar Liqasının yarımfinalında görüşəcəklər. İlk oyun aprelin 27-də Madriddə, cavab matçı mayın 3-də Barselonada olacaq.

Mehman SÜLEYMANOV