“Vesterlo”nun prezidenti “Neftçi” ilə oyunu xatırladı
20.04.2011 - 12:21
“Vesterlo”nun prezidenti “Neftçi” ilə oyunu xatırladı
Belçikanın “Vesterlo” klubu ölkə kubokunun finalına vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, komandanın bu uğuru rəhbərliyi o qədər də sevindirmir.

“Vesterlo” finaldakı rəqibi “Standard”ın Çempionlar Liqasına vəsiqə qazanacağı halda, həlledici görüşün nəticəsindən asılı olmayaraq Avropa Liqasında çıxış edəcək. Elə klub rəhbərlərini qane etməyən məqam da budur. “Vesterlo”nun prezidenti German Viynants bunun sərfəli olmadığını düşünür.

Klubun rəhbəri 2008/09 mövsümündə İntertoto kubokunda keçirilən “Neftçi” – “Jerminal” oyununda belçikalıların başına gələnləri xatırlayıb: “Avropa Liqasında çıxışa görə UEFA bizə cəmi 90 min avro verəcək. Bütün xərclər isə klubu öz boynuna düşür. Təsəvvür edin ki, biz də “Jerminal” kimi Azərbaycan komandası ilə oynamalı olduq. Belə olan halda, bu pul Bakıya getmək və qalmaq xərclərini ödəmir”.

Qeyd edək ki, “Neftçi” səfərdə 1:1 hesablı heç-heçə etdiyi belçikalıları Bakıda məğlub edərək (1:0) mərhələ adlamışdı.