Azərbaycan millisi bir kubokdan digərinə transfer olundu
20.04.2011 - 15:05
Azərbaycan millisi  bir kubokdan digərinə transfer olundu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bir turnirdən digərinə transfer olunub. Apasport.az saytının məlumatına görə, dünən start götürən Sardiniya kubokunda keçirdiyi hər 2 matçda uduzan Vəli Qasımovun yetirmələri 1/4 finaldan kənar qalıb.

Çünki komandamızı müvafiq olaraq, 4:2 və 3:1 hesabı ilə məğlub edən “Barselona” (İspaniya) ilə “Napoli” (İtaliya) “8-liy”ə çıxmağa imkan verən 2 vəsiqəni təmin edib. Bu, komandamız üçün yarışın bitməsi anlamına gəlsə də, təşkilatçılar qrup sonuncularını da düşünüb.

Belə ki, əksər komandaların 2 oyun xətrinə İtaliyaya gəlməkdə tərəddüd etməməsi üçün 4 qrupda son yeri tutan iştirakçılar üçün təsəlli turniri keçirilir. Əslində, bu yarış Sardiniya kubokunun təsəlli matçları da ola bilərdi. Lakin qrup sonuncularının mübarizəyə marağını artırmaq üçün turnirin daxilində turnir təsis olunub.

Bu, “FAIR PLAY - Memorial DETTORI” adını daşıyan yarışdır. Sardiniya kubokunun həlledici mərhələsindən fərqli burada komandalar olimpiya deyil, dairəvi sistemlə oynayacaq. Sabah start götürəcək 3 turluq mübarizədə komandamızın rəqibləri hələ dəqiqləşməyib. Bu, Sardiniya kubokunun axşam başa çatacaq 3-cü turunun görüşlərindən sonra məlum olacaq.