Şahin Diniyevin güvənmədiyi futbolçu həbs olunub
20.04.2011 - 16:16
Şahin Diniyevin güvənmədiyi futbolçu həbs olunub
Rumıniyanın “Dinamo” klubunun futbolçusu Andrey Marqaritesku həbs olunub. Apasport.az saytının məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi oğurluq avtomobillərin satışında ittiham olunur.
Andreylə yanaşı, “Dinamo”nun sabiq əməkdaşlarından biri də istintaqa cəlb olunub. Futbolçu komandası ilə növbəti səfər oyununa yollanarkən, hava limanında saxlanılıb. Futbolçu, sabiq klub əməkdaşı və saxlanılan digər 4 şəxs dindirilərək buraxılıb. Lakin istintaqın sonuna kimi onlar ölkədən kənara çıxa bilməz.
Qeyd edək ki, vaxtilə Rumıniya yığmasında da oynamış Marqaritesku Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevə yaxşı tanışdır. Onlar 2009-cu ildə Rusiyanın “Terek” klubunda birgə olublar.
Əvvəl əvəzedici komandada baş məşqçi olan Diniyev mövsümün sonunda əsas komandanın “sükanı arxasına” keçdikdən sonra Andrey əsas heyətə həsrət qalıb. Mövsüm başa çatan kimi rumıniyalı Rusiyanı tərk edib.