Mirça Rednik: Bəzən pul almağa anası gəlirdi, bu, inanılmaz idi
21.04.2011 - 12:52
Mirça Rednik: Bəzən pul almağa anası gəlirdi, bu, inanılmaz idi
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik həmyerlisi Klaudiu Radukanunun başına gələnlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, 49 yaşlı mütəxəssis vaxtilə cənub təmsilçisində oynamış hücumçunun sabiq həyat yoldaşı ilə probleminin gözlənilən olduğunu düşünür.

Rednik xanımı tərəfindən aldadılan və son pulları da mənimsənilən Radukanunun halına acıyır: Bilirəm ki, Klaudiunun Alislə problemi var. Biz hələ “Vaslui”də birlikdə çalışanda, onun xanımı tez-tez gəlirdi. Maaşların nə vaxt veriləcəyi ilə maraqlanan xanım həyat yoldaşının bütün pulunu götürürdü. Bəzən pul almağa anası gəlirdi, bu, inanılmaz idi. Kənardan da görünürdü ki, onu sıxışdırırlar”.

Rumıniyalı mütəxəssis məsələ ilə bağlı futbolçu ilə danışdığını da açıqlayıb: “Eşitdim ki, yoldaşlarından, futboldan kənardakı tanışlarından borc almaqla dolanır. Çünki bu 2 qadın Radukanunun hər şeyini alıb. Mən bir dəfə onunla durumunu müzakirə də etdim. Dedim ki, “ay oğlan, sən əməlli-başlı ilişmisən, lap qarmağa keçmisən. Bu, sənsən, Klaudiu Radukanusan. O boyda karyera qurmuşdun. Niyə bu günə düşdün?”