Qurban Qurbanov: Dəyişikliklərin olması mümkündür
21.04.2011 - 13:52
Qurban Qurbanov: Dəyişikliklərin olması mümkündür
“Hazırlığımızı normal qaydada davam etdiririk. Məlum səbəblərdən tam heyətlə məşq edə bilmirik. Bizdən 6, “İnter”dən isə 2 futbolçu millinin düşərgəsindədir. Sadəcə, 2 gün tam heyətlə məşq edəcəyik”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Aprelin 24-də “İnter”lə keçirəcəkləri oyun haqda danışan gənc çalışdırıcı bildirib ki, meydana ideal komanda çıxarmaq istəyir: “Dəyişikliklərin olması mümkündür. Görüş olduqca çətin keçəcək. Onlar son vaxtlar uğurlu çıxış edirlər. Oyunlarında həqiqətən artım, üstəlik, Kaxaber Sxadadze kimi bacarıqlı məşqçiləri var. Son zamanlar “artırdıqlarını” görsək, bizimlə oyuna qələbə üçün çıxacaqlarını gözləmək olar. Təbii ki, biz də eyni məqsəd üçün mübarizə aparacağıq”.

Qurbanov bildirib ki, “İnter”i siyahıdan silmək hələ tezdir: “Final mərhələsinin ilk turunda da “İnter”lə oyunumuz çətin, taktiki mübarizə şəraitində keçmişdi. Sona 5 tur qalıb. Ona görə də oyunlar daha da gərgin keçəcək. “İnter” son çempionudur və onları hesabdan silmək düzgün deyil”.