“Ya Azərbaycanda işləyəcəyəm, ya da heç yerdə”
21.04.2011 - 17:10
“Ya Azərbaycanda işləyəcəyəm, ya da heç yerdə”
Azərbaycan milli komandasının sabiq baş məşqçisi İqor Ponomaryovun apasport.az saytına müsahibəsi

- İşləriniz necə gedir?
- Sağ olun, yaxşıyam. Hələlik sakitlikdir, Azərbaycandan təklif olmayıb.

- Belə təklif gözləyirsiniz?
- Bilirsiniz, hər şey ola bilər. Qismət varsa, olacaq. Hər halda, ümid edirəm ki, vətəndən dəvət alacağam.

- Yəqin ki, mövsümün bitməsini və həmin vaxt hansısa komandamızda baş məşqçi dəyişikliyinin olacağını gözləyirsiniz?
- İndi nəsə demək çətindir. Heç kim sabah nə olacağını bilmir. Mən hər şeyin yaxşı olacağına ümid edirəm.

- Başqa ölkələrdən də təklifləriniz olmayıb?
- Sizə düzünü deyəcəyəm. Kənarda iş axtarmamışam, heç hazırlaşmıram da.

- Oğlunuz Anatoli saytımıza müsahibəsində Rusiyadan təklif aldığınızı, ancaq bundan imtina etdiyinizi bildirmişdi...
- Bəli, belə bir şey olmuşdu. Ancaq bunu nəzərdən keçirməyi mənasız saydım. O mənada ki, bu, mənim üçün maraqsız idi. Əgər işləmək istəyirəmsə, bunun Bakıda olmasını istəyirəm.

- Yəni, ya Azərbaycanda, ya da heç yerdə?
- Belə demək olar. Artıq bunu özüm üçün müəyyənləşdirmişəm. Azərbaycan mənim vətənimdir və bacarığımla futbolumuza töhfə vermək istəyirəm. Bunu öz futbolumuz üçün etməyim daha yaxşı olardı, nəinki başqaları üçün.

- Bir şey də var ki, Azərbaycandan təklif yoxdursa, boş oturmamalısınız...
- (gülür) Haqlısınız, hər şey düzdür. Ancaq öz vətənim üçün xidmət etmək istəyirəm. Mən olimpiya çempion olan yeganə azərbaycanlı futbolçuyam. Üstəlik, əməkdar idman ustasıyam, yeniyetmələr arasında Avropa çempionuyam, dünya çempionatının gümüş medalçıyam, İsveç çempionuyam. Bəzən jurnalistlər bu faktı yazmağı unudurlar (gülür). Belə demək olar ki, Azərbaycan futbolunda heç kimin bu qədər mükafatı yoxdur. Elə isə niyə məndən imtina etsinlər?

- Məşqçi karyeranız elə alınıb ki, bir yerdə uzun müddət işləyə bilməsiniz. Uzağı 1 il işləyib, sonra xeyli vaxt işsiz qalırsınız, məcburi istirahət etməli olursunuz. Niyə belə olur? Bu, sizdə ruh düşkünlüyü yaratmır?
- Axı mən nə edə bilərəm? Yəqin ki, bu, yalnız məndən asılı deyil. Götürək, mənim məşqçilik etdiyim komandaları. Azərbaycan yığmasında işimi davam etdirməli idim. “Qarabağ”da işim 1 il alındı. Ardından “Xəzər Lənkəran”da da işimi davam etdirməli idim. Sadəcə, imkan vermədilər. Daha çox işləməli idim, onda başqa cür ola bilərdi. “Xəzər Lənkəran”ı 6 ay çalışdırdım, bundan sonra baş məşqçi kimi işimi davam etdirməyə imkan yox idi. İstənilən halda, nəticə vardı. Hər halda, mən komandanı pis vəziyyətdə qoymadım. Komanda yaxşı oynayırdı, inkişaf da idi. Bu məsələdə hər şey tək məndən asılı deyildi.

- Siz yeganə olimpiya çempionu olan futbolçumuzsunuz. Axı niyə vətənə lazım olmursunuz? Sizdən belə tez imtina olunur...
- Bunu klub rəhbərliyindən soruşmaq lazımdır ki, niyə mənə heç olmasa, 2-3 il iş şans vermirlər? Bax, söhbət bundan gedir. “Xəzər Lənkəran”da işimi davam etdirməli idim, bunu mənə demişdilər. Ancaq belə olmadı. Görünür, kiməsə belə lazım idi, “sualtı cərəyanlar” öz sözünü dedi. Prinsipcə, “Xəzər Lənkəran”da əlimin altında olan “material”la işimi gördüm.

- İnternet vasitəsilə olsa da, çempionatımızı izləyirsiniz? Çempionluq uğrunda keçmiş komandalarınız - “Neftçi”, “Xəzər Lənkəran” və “Qarabağ” mübarizə aparır...
- (gülür) Fikrimcə, “Neftçi” artıq çempionluğu təmin edib.

- Hesab edirsiniz ki, 5 tura 8 xallıq fərqi aradan qaldırmaq çətindir?
- Mən bunu böyük üstünlük sayıram. Ona görə deyə bilərəm ki, “Neftçi” çempionluq vəzifəsini yerinə yetirməyi təmin edib. İndi qalır “Xəzər Lənkəran”la “Qarabağ” arasında 2-ci yeri kimin tutacağını müəyyənləşdirmək. “Xəzər Lənkəran” “altılıq”da yerində sayır. Niyə qalib gəlməməyi anlaşılmazdır. “Qarabağ” qış fasiləsindən sonra artırıbsa, “İnter” geriləyir. Əlbəttə, yeganə təəccüb doğuran komanda AZAL-dır. O, yetərincə yaxşı çıxış edir. “Bakı”nın çıxışı məyusedici oldu. Bunun səbəbini, niyə belə olduğunu deyə bilmərəm. Mövsümün əvvəlində almaniyalı Vinfred Şaferi gətirdilər, indi latviyalı Aleksandr Starkov nəticə qazanmağa çalışır.

- “Xəzər Lənkəran”ın hazırkı rumıniyalı baş məşqçisi Mirça Rednik sizin kimi vaxtilə Rusiya çempionatının I divizionunda çalışıb. Onu tanıyırsınız?
- Açığı, Rednik xatırlamıram. Onu bilirəm ki, “Alaniya”da qısa müddət çalışdıqdan sonra işindən azad ediblər. Rednik elə də yadımda qalmayıb. Buna görə onun haqda nə yaxşı, nə də pis şey deyə bilərəm.

- Milli komandamızın son rəsmi oyununda səfərdə Belçikaya böyük hesablı məğlubiyyətindən (1:4) sonra baş məşqçi Berti Foqtsun istefaya göndərilməsi müzakirəsi gündəmə çıxdı. Siz almaniyalı həmkarınızın, ümumiyyətlə, vaxtilə çalışdırdığınız millimizin gələcək taleyi haqda nə düşünürsünüz?
- Biz hər dəfə - Foqts, yoxsa başqası oldu - millimizin yaxşı çıxışına ümid edirik. İnanmaq istəyirik ki, yığmamız növbəti görüşdə daha yaxşı oynayacaq. Biz həmişə ümidlərlə yaşayırıq. Fikirləşirik ki, birdən yaxşı oldu. Ancaq görürsünüz ki, həmin “birdənlər” alınmır. Görünür, bizdə futbolçular hələ o səviyyədə deyil ki, biz nəsə arzulayaq. Foqtsun özü haqda danışa bilmərəm. Adam işləyir, əlinin altında olandan nəsə etməyə çalışır. Necə deyərlər, boynundan yuxarı tullanmaq olmaz. Axı reallıq belədir. Misal üçün, baş məşqçi günahkar olsaydı, onu çıxarıb, növbətisi nəticə verərdi. Ancaq göründüyü kimi, heç biri nəticə vermir. Nə braziliyalı Karlos Alberto Torres, nə də başqaları nəticə verdi. Bizdə futbolçu seçimi yetərincə çox qısadır. Əsas problem bunu sayıram. Kimi seçəsən? 1, 2, 3, 4 nəfər, qurtardı.

- Üstəlik, Rəşad Sadıqovla Mahir Şükürov da vətənə qayıtdığından, xaricdə futbolçumuz qalmadı...
- Doğrudur. Xaricdə heç seçimimiz yoxdur. Vaqif Cavadovda nə baş verdiyini başa düşmürəm. Oxudum ki, “Bakı”da gələcək taleyi sual altındadır. Vaqif orada daim oynayır?

- Oynayır, sadəcə, az qol vurur. Müqavilə ilə Hollandiyanın “Tvente” klubuna məxsusdur və icarəsi cari mövsümün sonunda bitir...
- Mənə elə gəlir ki, konkret Vaqifin “Tvente”yə getməsi əleyhinə işlədi. O, “Qarabağ”da Qurban Qurbanovun rəhbərliyi altında işləyirdi, futbolçu kimi böyüdü, oyunu ilə nəticə verməyə başladı. Ancaq alındı ki, Cavadov baş məşqçisini dəyişdirdi, yeni çalışdırıcı ilə işləməli oldu. Oğlan gəncdir, yeni baş məşqçisinin isə yeni ideyaları var. Ola bilsin ki, buna görə Vaqifdə eniş oldu. Üstəlik, “Bakı”da da yeni baş məşqçilərlə - əvvəl Şaferlə, indi Starkovla işləməli oldu. Məşqçilərini tez-tez dəyişmək, onları tələbləri – bütün bunlar xüsusilə gənc futbolçuların psixologiyasına təsir edir.

Mehman SÜLEYMANOV