Səməd Mustafayev: Belə hal birinci dəfə deyil ki... - MÜSAHİBƏ
22.04.2011 - 11:45
 Səməd Mustafayev: Belə hal birinci dəfə deyil ki... - MÜSAHİBƏ
“Xəzər Lənkəran” klubunun rəisi Səməd Mustafayevin apasport.az saytına müsahibəsi

- AZAL-la oyun öncəsi komandanızda vəziyyət necədir?
- Hər şey qaydasındadır. Millinin heyətində Almaniyaya yollanan futbolçularımız da dünən gecə düşərgəyə gəliblər.

- Belə çıxır ki, həmin futbolçular – Kamran Ağayev, Rahid Əmirquliyev və Elnur Abdullayev yalnız bu gün komanda ilə məşq edib, sabah oyuna çıxacaqlar. Bu, problem yaratmayacaq?
- Problem olmamalıdır. Belə hal birinci dəfə deyil ki... Bundan əvvəl də futbolçularımız təlim-məşq toplanışından 1 gün əvvəl gəlib, səhəri oyuna çıxıblar.

- Heyətdə zədə ilə bağlı problem varmı?
- Xeyr.

- Ancaq bombardiriniz Uinston Parks məşqə çıxmamışdı...
- Parks artıq məşqlərə başlayıb. Diz nahiyəsində nəsə problemi vardı. Ancaq artıq aradan qalxıb. Dünən komandanın məşqlərinə qoşulmuşdu, bu gün də hazırlıqda olacaq.

- Müdafiəçi Elnur Allahverdiyevin “Qarabağ”la oyundan sonra nizam-intizama görə əsas heyətdən kənarlaşdırıldığınız məlumdur. Ancaq baş məşqçi Mirça Rednik onu bağışladığını və xidmətinə ehtiyacı olduğunu bildirib. Yəni, rumıniyalı çalışdırıcı futbolçunun bağışlanması məsələsini klub rəhbərliyinin öhdəsinə buraxır. Bu, mümkündür?
- Sözün düzü, bu dəqiqə bütün fikrimiz çempionata yönəlib. Elnur komandanın nizam-intizam qaydalarını pozub və hələlik bu məsələsə baxılmayıb. Ola bilər ki, qarşıdakı günlərdə klub prezidenti səviyyəsində bu məsələyə yenidən baxılsın.

Mövsümün həlledici mərhələsi olan may ayında Allahverdiyevin yenidən əsas heyətdə meydana çıxması mümkün ola bilərmi?
- Hal-hazırda gündəmdə belə bir şey yoxdur. Ola bilər ki, rəhbərlik 1-2 oyundan sonra Elnurun məsələsinə baxsın.

- İstənilən halda, Elnur müqavilə ilə “Xəzər Lənkəran”ın futbolçusu olduğundan, düşərgədə yer almalıdır. O, indi harada məşq edir?
- Biz ona 2-ci komandada məşq etməyi təklif etmişik.

- Bəs Allahverdiyev bunu qəbul edibmi?
- Bəli.

- Elnur haqda çıxardığınız qərardan 2 həftə vaxt keçib. Belə çıxır ki, hələ düşərgənizdə olmayıb?
- Bu gün-sabah gəlib, 2-ci komandamızın məşqlərinə qoşulmalıdır.

- Siz ona əvəzedici komandada oynamağı təklif etmisiniz?
- Bəli. Harada deyiləcəksə, orada da oynamalıdır. İnşallah, 1-2 günə məşqlərə qatılar. Bu, bizim borcumuzdur. Elnura 2-ci komandada məşq etməsi üçün şərait yaradacağıq və orada da oynaya bilər.

- Elnur milli komandanın futbolçusudur. Əgər əvəzedici heyətdə oynamaqdan imtina etsə, onda necə olacaq?
- Klubun nizam-intizam qaydaları var. Futbolçu belə hərəkət edərsə, cərimə olunacaq.

- Bir müddət öncə vətəninə yollanan rumıniyalı hücumçunuz Aleksandr Pitsurkanın taleyi necə oldu?
- Onun ailə problemləri olduğundan, komandamıza qayıtmadı.

- Yəni, Pitsurka ilə müqaviləni pozaraq, bu məsələni bağlamısınız?
- Bəli. Klubla futbolçunun meneceri arasında danışıqlar oldu. Təbii ki, Aleks klubun daxili nizam-intizam qaydalarını pozub. Ona görə Pitsurka ilə anlaşmağa artıq xitam vermişik.

- Kapitanınız Kamran Ağayevin adı yenə xarici klub ətrafında hallanır. Yığmamızın qapıçılarla işləyən almaniyalı məşqçisi Uli Ştayn onu “Ayntraxt”a məsləhət görüb...
- Mən də bunu sizin kimi saytlardan oxumuşam.

- Yəni Ağayevin transferi ilə bağlı hansısa xarici klub sizə müraciət etməyib?
- Xeyr. Onunla bağlı klublar səviyyəsində danışıq olmayıb.

- AZAL-la sabahkı görüşün canlı yayımı nəzərdə tutulubmu?
- Biz bununla bağlı hansısa telekanala müraciət etməmişik. Ancaq kim istəsə, gəlib oyunu çəkə bilər.

- Təklif etməmisinizsə, deməli, yenə ev oyununuz yayımlanmayacaq?
- Çox güman ki, belə olacaq.


Mehman SÜLEYMANOV