Milli komandamız üçün 3 mükafat: 10, 6, 4 min dollar
22.04.2011 - 15:19
Milli komandamız üçün 3 mükafat: 10, 6, 4 min dollar
Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının Qazaxıstanda mükafat qazanmaq şansı artıb. Apasport.az saytının məlumatına görə, Prezident Kuboku uğrunda turnirin təşkilatçısı olan Qazaxıstan Futbol Federasiyası medalçıların hamısını qiymətləndirəcəyini açıqlayıb.

Əslində, qalibin 10 min dollar alacağı əvvəldən məlum idi. Artıq 4-cü ildir dalbadal keçirilən turnirin mükafat fondunun 20 min dollar təşkil etməsi və qalan 10 minin bölünəcəyi açıqlanıb. Yəni 2-ci yer 6, 3-cü yerin sahibi 4 min dollar qazanacaq.

Qeyd edək ki, yığmamız aprelin 26-30-da Astanada 8 komandanın iştirak edəcəyi turnirdə A qrupunda yer alıb. Rəqiblərimiz meydan sahibləri ilə yanaşı, Özbəkistan və İran yığmalarıdır. Təşkilatçılar turnirə marağı artırmaq üçün oyunlara girişi pulsuz etməklə yanaşı, azarkeşlər üçün xüsusi avtobus marşrutları təşkil edəcəklər.