AFFA PRO kateqoriyalı kurslara qatılmaq üçün tələblərini açıqladı
22.04.2011 - 18:02
AFFA PRO kateqoriyalı kurslara qatılmaq üçün tələblərini açıqladı
2011-ci ilin iyununda AFFA tərəfindən UEFA-nın PRO kateqoriyalı lisenziya kursları başlayacaq. Apasport.az saytının məlumatına görə, AFFA kurslarda iştirak üçün tələb olunanları açıqlayıb:
1. Kurslara “A” kateqoriyasını (yaxşı qiymətlərlə) əldə etdikdən sonra ən azı 1 il müddətində aktiv fəaliyyətdə olmuş (klub və ya milli komandalarda işləmiş) məşqçilər buraxılır.
2. Klubdan ödəniş haqda zəmanət və ya 100% nağd ödəniş.
3. Sağlamlıq haqqında arayış.
4. İştirak etmək istəyən mütəxəssisdən AFFA-nın baş katibinin adına ərizə.
5. Ödəniş məbləği - 4000 AZN

PRO lisenziya kurslarında bəzi praktiki dərslər məşqçilərin işlədikləri klublarda aparılacaq. Buna görə növbəti mövsüm klubda, yaxud milli komandalarda işləməyən və kurslarda iştirak edən mütəxəssislər avqustun 1-dən 7-dək olan müddətdə Azərbaycan Premyer Liqasında çıxış edən klublardan birində praktika keçməlidir. Bundan əlavə, kurslarda iştirak edən məşqçilər yüksək səviyyəli və uşaq futboluna xüsusi diqqət yetirilən 2 fərqli xarici klubda hərəsində 1 dəfə olmaqla təcrübə keçməlidirlər.

Klubları seçərkən aşağıdakı şərtlərə riayət olunmalıdır:
1. Azərbaycan Premyer Liqası klublarından birində hazırlıq mərhələsində 1 həftəlik praktika (1 – 7 avqust 2011-ci il)
2. Qərbi Avropanın yüksək səviyyəli 2 müxtəlif klubunda çempionat ərzində və ya hazırlıq mərhələsində hər biri 1 həftəlik 2 praktika

Praktika keçmək və praktikanı planlaşdırmaq kurs iştirakçılarının öz öhdəlikləridir. Praktika üçün çəkilən bütün xərclər iştirakçı tərəfindən ödənilməlidir. İştirakçı özünün işlədiyi klubda praktika keçə bilər. Bir şərtlə ki həmin komanda ölkə çempionatının yüksək liqasında çıxış etməlidir.

Bütün iştirakçılar keçəcəyi hər bir praktika haqqında 2011-ci il iyulun sonunadək AFFA-ya yazılı şəkildə məlumat verməlidir. Məlumatda aşağıdakılar qeyd olunmalıdır:
1. Praktikanın tarixləri
2. Praktikanın keçiləcəyi klub
3. Cavabdeh məşqçi
4. Praktika keçəcəyi klubdan zəmanət məktubu
Bütün praktikalar 2012-ci ilin mart ayının əvvəlinə qədər keçilmiş olmalıdır.

UEFA-nın qaydalarına uyğun olaraq, hər hansı iştirakçı kursdakı iştirak saatlarının 10%-dən artıq müddətində iştirak etməsə, avtomatik olaraq həmin iştirakçıya lisenziya verilməyəcək.
2011-ci ilin təqvimi aşağıdakı kimidir:
27 iyun – 2 iyul
1 avqust – 7 avqust
26 sentyabr – 8 oktyabr
15 noyabr – 19 noyabr
18 dekabr – 19 dekabr

Gələn ilin təqvimi AFFA-nın rəsmi saytına yerləşdiriləcək.
Yerlər məhduddur. Sənədlərini tam şəkildə təqdim edən ilk 12 mütəxəssis kurslarda iştirak edə biləcək.

Azərbaycanda keçiriləcək Pro lisenziya kursunun ümumi planı: 2011/2012

Modul

Məzmun

Tarix

Məşq nəzəriyyəsi

Blok 1

- yüksək səviyyəli  futbolda müasir tələblər
- koordinasiya
- sürət/güc/partlayışlı güc
- dözümlülük
- bərpa / reabilitasiya
- zədələrə qarşı profilaktika/qidalanma
- testlər/planlaşdırma/təşkilatçılıq

27 iyun – 02 iyul 2011

48 saat

Praktika 1
Azərbaycan Premyer Liqası

- müşahidə (analiz) kriteriyalarına    
  uyğun olaraq və hesabatla birlikdə

01 – 07 avqust 2011

Taktika/Texnika
Metodika
Blok 2

- oyun fəlsəfəsi/müasir tendensiyalar
- oyunun təşkil olunması
- oyun analizi/oyun üslubu
- seçim
- məşqə və oyuna hazırlıq
- fərdi məşq
- seleksiya

26 sentyabr – 08 oktyabr 2011
96 saat

Rəhbərlik etmə
Blok 3

- rəhbərlik etmə üslubları
- komanda quruculuğu
- ünsiyyət
- motivasiya
- konfliktlərin həll edilməsi

15 – 19 noyabr 2011
 
40 saat

Praktika 2 və 3
Qərbi Avropada, 2 fərqli klubda, hər praktika 1həftə müddətində

- müşahidə (analiz) kriteriyalarına uyğunolaraq və hesabatla birlikdə

avqust  2011 – fevral 2012
80 saat

Menecment
Hakimlik

- federasiya və klubun strukturu
- idarəçilik
- hüquq və vəzifələr
- iqtisadi məsələlər
- ofis təşkilatçılığı
- oyun qaydaları

18, 19 dekabr 2011
16 saat

Praktikanın qiymətləndirilməsi

Hesabatların təqdimatı və praktiki tətbiqi

05 – 09 mart 2012
40 saat

İmtahanlar (yazılı və şifahi)

- praktiki iş (meydançada)
- nəzəriyyə (yazılı və şifahi)
- məşqin planlaşdırılması və praktiki tətbiqi ilə oyun analizi
- praktikalara dair hesabat

23 – 25 aprel 2012



Mənbə: affa.az