Bir güllə ilə iki dovşan, yaxud Adamiyadan Adamiyaya
25.04.2011 - 09:34
 Bir güllə ilə iki dovşan, yaxud Adamiyadan Adamiyaya
Ağdamın “Qarabağ” klubu uğursuzluq sindromuna son qoydu. Apasport.az saytının hesablamalarına görə, Qurban Qurbanovun çalışdırdığı komanda 37 günlük fasilədən sonra azarkeşlərinin həsrətinə son qoydu. Özü də “Qarabağ”ın hücumçusu “bir güllə ilə iki dovşan vurdu”. Məsələ ondadır ki, ağdamlılar bunadək son 3 oyunda nə qələbə qazana, nə də qol vura bilirdi. Adamiya son turda “İnter”lə görüşdə vurduğu yeganə qolla “Qarabağ”a vacib 3 xal qazandırdı. Bu, komandanın çempionluq şansını, gümüş medal uğrunda “Xəzər Lənkəran”la mübarizədə minimal xal fərqini saxladı.

Maraqlıdır ki, “Qarabağ” son qolunu da Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda, özü də Adamiyanın sayəsində penaltidən vurmuş və AZAL-la ev oyunu da 1:0 hesabı ilə nəticələnmişdi. Göründüyü kimi, Georgi bitirdiyi yerdən davam edərək, ona bəslənilən ümidləri doğruldur. Özü də 30 yaşlı legioner son çempionla matçda sonradan çıxaraq, buna nail olub.

Adamiya bombardirlik uğrunda mübarizədə qalib olması şanslarını da artırdı. “Qarabağ”ın 30 yaşlı legioneri vurduğu qolların sayını 13-ə çatdırdı və lider Bahodir Nasimovdan cəmi 2 qol geri qalır. Sona isə hələ 4 tur var və “Neftçi”nin özbək hücumçusu uzun müddət qol vura bilməyərək, son 2 oyunda zədə üzündən meydana da çıxmayıb.

Qeyd edək ki, milli çempionatımızda ən çox oyun keçirən legioner olan, 2005-ci ildən ölkəmizdə oynayan Adamiya qol sayında yalnız həmyerlisi Badri Kvaratsxeliyadan geri qalır. O, “Qarabağ”adək 4 il “Neftçi”də, 1 il “Bakı”da oynayıb.

Mehman SÜLEYMANOV