Ramiz Məmmədov: Qazaxıstan yığmasına seçmə mərhələdə uğurlar arzulayıram
25.04.2011 - 12:42
Ramiz Məmmədov: Qazaxıstan yığmasına seçmə mərhələdə uğurlar arzulayıram
“Tobol”la ötən oyunumuzda öz səhvlərimiz üzündən uduzduq. Bu gün isə oyun fərqli idi, 3 xal uğrunda idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstanın “Atırau” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.

O, ölkə çempionatının VIII turunun “Tobol”la oyunu haqda fikirlərini açıqlayıb. Aprelin 20-də ölkə kubokunun 1/8 finalında eyni rəqibə 2:3 hesabı ilə uduzan atırauluların çalışdırıcısı qələbəyə də yaxın olduqlarını bildirib: “Futbolçularıma bütün tapşırıqlarımı yerinə yetirdiyi üçün təşəkkür edirəm. Bildiyiniz kimi komandanı 90 faiz yenilərdən komplektləşdirmişik. Komandanın formalaşması isə çətin prosesdir. Oyunçulararası anlaşma indi-indi nəzərə çarpır. Sevindiricidir ki, qol imkanlarımız olur və bu matçın sonlarında da yaşanır. Colçiyev oyunun sonlarındakı epizodu dəyərləndirsəydi indi nəticə fərqli olardı. Qazaxıstandakı bütün komandaların təxminən bərabər olması diqqət çəkir. Bu da rəqabətdən və yarışın səviyyəsində xəbər verir. Qazaxıstan milli komandasına seçmə mərhələdə uğur və yaxşı çıxış arzulayıram”.

Qeyd edək ki, Qazaxıstan yığması Avro-2012-nin seçmə mərhələsinin A qrupunda Azərbaycan milli komandasının rəqiblərindəndir.