Mehman Allahverdiyev “Gəncə”nin 2740 günlük intizarına son qoydu
25.04.2011 - 13:58
Mehman Allahverdiyev “Gəncə”nin 2740 günlük intizarına son qoydu
Azərbaycan milli çempionatında növbəti Qərb derbisi “Gəncə” klubunun 8 illik həsrətinə son qoydu. Apasport.az saytının məlumatına görə, gəncəlilər 2003-cü ilin oktyabrın 26-dan bu yana “Turan”a qalib gələ bilmirdi. Mehman Allahverdiyevin baş məşqçi postuna gəlişindən sonra uduzmayan, 8 xal toplayan komanda son turda aprelin 24-də digər Qərb təmsilçisini evdə 1:0 hesabı ilə yendi. Bununla da əvvəllər “Kəpəz” adlanan Gəncə təmsilçisinin 2740 günlük intizarı bitdi. Qələbə topunun müəllifi olan Sabir Allahquliyev Allahverdiyevin vaxtında bombardirdir. Gənc hücumçu yeni çalışdırıcısının vaxtında artıq 3 qol vurub.

Gəncəlilər “Turan”la arxada qalan 7 görüşün 2-də heç-heçə etmiş, 5-də yenilmişdi. Ümumilikdə Qərb təmsilçiləri 35 dəfə görüşüb ki, bunun 15-də tovuzlular, 12-də qalib gəlib, qalan 8 matç bərabərliklə nəticələnib.

“Gəncə”nin uğursuzluğa son qoyduğu görüş onun üçün yubiley oldu. Belə ki, komanda milli çempionatımızda evdə 200-cü oyununu keçirdi. Nizami yurdunun təmsilçisi bunun 146-da qələbə qazanıb, 22-də bərabərliyə qalıb, 32-də uduzub.

Qeyd edək ki, Allahverdiyev 10 ildən sonra Gəncədə qələbəyə sevindi. “Gəncə”də ilk qələbəsini ötən tur MOİK-lə Bakıdakı görüşdə qazanan (2:0) təcrübəli mütəxəssis doğma meydanında sonuncu dəfə 2001-ci ilin aprelin 20-də Naxçıvanın “Araz” klubunu yenmişdi (6:0).