Azərbaycanın tanınmış qapıçısı Ukrayna yığmasında
25.04.2011 - 15:38
Azərbaycanın tanınmış qapıçısı Ukrayna yığmasında
Ukrayna milli komandasının baş məşqçisi təyin olunan Oleq Bloxinin rəhbərliyi altında işləyəcək çalışdırıcıların siyahısı məlum olub. Apasport.az saytının məlumatına görə, 59 yaşlı mütəxəssisə yığmada 3 məşqçi kömək edəcək. Bunlardan da ikisinin adı dəqiqləşib.
Yalnız baş məşqçinin əsas köməkçisinin adı hələ qaranlıq qalır. Bu, yaxınlaradək baş məşqçi vəzifələrini icra edən Yuri Kalitvintsevdən asılıdır. Bloxin onu köməkçisi görmək istəsə də ehtiyat variant kimi Andrey Balı görür. Daha çox etika naminə edilən təklifə “yox” deyəcəyi halda Kalitvintsev 5 il əvvəlki “dördlüy”ün iş başında olmasına imkan verəcək.
Belə ki, Bloxin 1/4 final mərhələsinə qədər yüksəldikləri DÇ-2006-da köməkçiləri olan Bal, Semyon Altman və Yuri Romenski ilə çalışmaq arzusundadır. Bloxinin digər köməkçisi Oleq Kuznetsov isə gənclər yığmasında işləyəcək.
Qapıçılarla işləyəcək Romenski Azərbaycan futbolunun əfsanəvi qolkiperlərindən sayılır. 1952-ci ildə Mingəçevirdə anadan olan istedadlı qapıçı yerli “Ulduz” və “Toxucu” komandalarında oynayıb. 1971-ci ildə “Neftçi”yə keçən Romenski 7 il şərəfini qoruduğu komandada ciddi uğura nail olmayıb. Ukraynaya köçdükdən sonra “Çernomorets”, Kiyev “Dinamo”sunda oynamış qapıçı 2 dəfə SSRİ çempionu və 1 bürünc medalın sahibi olub. Üstəlik milli komandaya da cəlb olunub.