MOİK öz antirekordunu yenilədi
25.04.2011 - 15:51
MOİK öz antirekordunu yenilədi
Bakının MOİK klubu Azərbaycanın milli çempionatlar tarixində yeni antirekord müəyyənləşdirdi. Apasport.az saytının hesablamalarına görə, artıq uzun müddətdir turnir cədvəlində son pillədə olan “hərbçilər” 19 ildir keçirilən güclülər dəstəmizi ən çox tərk edən komanda oldu. Əvvəllər OİK adlanan komanda 1999/00, 2005/06, 2008/09 mövsümlərində I diviziona düşüb. Ötən il aşağı dəstədə 2-ci yeri tutaraq, Premyer Liqaya yüksələn ordu klubu bir mövsümdən sonra geri qayıdası oldu. Bu, sona 4 tur qalmış rəsmiləşdi. MOİK gənc baş məşqçisi Ramil Əliyevlə güclülər dəstəsinə qayıtdı və onunla da əks marşrutun yolçusu oldu.

“Hərbçilər”lə yanaşı, “Bakılı” və Sumqayıtın “Xəzər” klubu hərəyə 3 dəfə I diviziona düşmüşdü. Ancaq fərq ondadır ki, bu iki komanda təkcə aşağı düşməyərək, dağılmaqla da güclülər dəstəsini tərk edib. MOİK-ə qədər ABN-in yüksək liqaya çıxmağı ilə qayıtmağı bir olmuşdu. Bərdə klubu 2007/08 mövsümündə güclülər dəstəsinə buraxılaraq, çempionatı son pillədə bitirmiş və yenidən I divizionda çıxış etməli olmuşdu.

Qeyd edək ki, Premyer Liqamızla vidalaşmağa digər ən real namizəd “Simurq”dur. 11-ci pillədə olan Zaqatala təmsilçisi 2005/06 mövsümündə I dəstənin qalibi kimi yüksək liqaya çıxıb. Hesabında bürünc medal olan “Simurq” 2006-cı ildən bu yana daimi güclülər dəstəsində çıxış edir.