Azərbaycan kuboku prinsipial mübarizələrlə davam edəcək
26.04.2011 - 10:00
Azərbaycan kuboku prinsipial mübarizələrlə davam edəcək
NBC Bank Azərbaycan kuboku uğrunda mübarizədə ayyarımlıq fasilə bitir. Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək ilk yarımfinal oyunları ilə turnirin həyəcanı davam edəcək. Hər iki cütdə prinsipiallıq yetərincədir. Bakıda və Lənkəranda baş tutacaq ilk görüşlərin maraqlı mübarizə şəraitində keçəcəyi gözlənilir.

Bu mənada xüsusilə “Xəzər Lənkəran” – “Bakı” matçını fərqləndirməliyik. Axı bu prinsipial rəqiblər ilk dəfə deyil ki, ölkə kubokunda görüşürlər. Artıq 6-cı dəfədir üzləşən “Xəzər Lənkəran”la “Bakı”nın kubok mübarizəsində ikincilərin üstünlüyü var. Komandaların ötən mövsümün finalındakı görüşü tarixə düşdü ki, nəticədə “Bakı” qolsuz bərabərliklə nəticələnən oyunun əlavə vaxtında 2:1 hesabı ilə qalib gələrək, turnirin hazırkı qalibidir. İndi “zolaqlılar” bütün gücünü məhz kuboka saxlayıblar. Axı çempionatı uğursuz keçirən “Bakı”nın mükafatçılar sırasına düşmək şansı da qalmayıb və yalnız ölkə kubokunun qalibi olmaqla, avrokuboklara vəsiqə qazana bilər.

“Xəzər Lənkəran”ın çempionluq şansı nəzəri cəhətdən qalsa da, 8 xal irəlidə olan lider “Neftçi”nin bunu əldən verəcəyi inandırıcı görünmür. Deməli, ötən yay Lənkəran klubunun baş məşqçisi postuna gətirilən iddialı rumıniyalı mütəxəssis Mirça Rednik mövsümü titulla başa vurmaq üçün mütləq kuboku qazanaraq, imicini xilas etməlidir. Buna görə “Xəzər Lənkəran” ölkə kubokuna barmaqarası baxmayaraq, ona sahib çıxmaq üçün bütün gücünü qoyacaq.

“Bakı”nın artıq 1 ildən çoxdur lənkəranlılara uduzmamağı onun lehinə olan amildir. Bundan əlavə, Rednik hələ “Neftçi” ilə ilk ¼ final görüşündə 5 oyunluq cəzalandığından, kubokun cari mövsümündə bir daha texniki zonada olmayacaq. Ancaq istənilən halda, bakılılara evdə daha yaxşı təsir bağışlayan “Xəzər Lənkəran”la çətin səfər sınağında sərfəli nəticə qazanmaq lazımdır.

Digər cütdə də meydan sahibləri uzun müddətdir qələbə üzünə həsrət qalıb. “İnter” tarixində ən ağır məğlubiyyəti cari mövsümdə elə sabah görüşəcəkləri “Şəfa” stadionunda AZAL-dan alıb – 0:5. 4-cü pillə uğrunda mübarizə aparan paytaxt klublarından çempionatı həmin yerdə bitirən Avroliqaya çıxa bilər. Bu, kuboku qazanmağa şansı çox olan “Xəzər Lənkəran”ın turnirin qalibi olması halında reallaşacaq. Ona görə də “İnter” – AZAL cütündə qalib sonda uduzsa belə, Avroliqaya çıxacağından, finala vəsiqənin əhəmiyyəti böyükdür. “Təyyarəçilər” artıq ev oyunlarını “Şəfa”da yox, Şüvəlan qəsəbəsindəki öz stadionunda keçirdiklərindən, “İnter” bir həftə sonra cavab görüşündə orada qonaq olacaq. Son çempion olan “bankirlər” da mövsümü yalnız kuboku qazanması xilas edə bilərlər.


27 aprel

18:00. “İnter” – AZAL
Bakı. “Şəfa” stadionu

18:30. “Xəzər Lənkəran” – “Bakı”
Lənkəran. Şəhər mərkəzi stadionu