Terim “hə” desə, milyonçu olacaq
27.04.2011 - 10:47
Terim “hə” desə, milyonçu olacaq
Türkiyə yığmasının sabiq baş məşqçisi Fatih Terim “təkliflər yağışı”na düşüb. Apasport.az saytının məlumatına görə, il yarımdır işsiz qalan təcrübəli mütəxəssis dünyanın müxtəlif yerlərindən cəlbedici dəvətlər alır.

Bunun ardı-arası kəsilmir və Terim seçim edərsə, maddi vəziyyətini xeyli yaxşılaşdıracaq. Moskva “Spartak”ı Terimə 1 ildə 3 milyon avro maaş və 100 milyon avroluq transfer büdcəsi ayırıb.

Bu gün isə “İmperator”un Birləşmiş Ərəb Əmirliklərindən təklif alması ilə bağlı xəbər yayılıb. Terimi David O’Lirinin istefasından sonra “Əl-Əhli” klubunun baş məşqçi postuna aparırlar. Həmin vəzifəyə italiyalı Alberto Zakkeroni ilə fransalı Bruno Metsyu da namizəddir. Ərəblər yeni çalışdırıcıya illik 4 milyon avro məvacib verir.

Terim Oman milli komandasından da dəvət alıb. Bu ölkənin futbol federasiyasının prezidenti Xalid Bin Hamadi türkiyəli mütəxəssisə ilinə 10 milyon dollar təklif edib.