Nazim Süleymanov: Dəmir hələ sökülməyib
27.04.2011 - 11:57
Nazim Süleymanov: Dəmir hələ sökülməyib
“Gennadi Bliznyuk nizam-intizam qaydalarını pozduğu üçün qovulub. Artıq futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub və ona azad agent statusu verilib”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib.

Qışda komandanı gücləndirmək məqsədi ilə heyətə cəlb edilən belaruslu hücumçunun AZAL-lı günləri uzun çəkməyib. Artıq forvardla müqavilə pozulub və vətəninə yola salınıb. Ancaq futbolçunun komandadan ayrılması kimi, onun alkoqolli içkilərə meylli olması barədə müxtəlif fikirlər dolaşır.

Təbii ki, bununla bağlı baş məşqçinin də fikirlərini öyrənməyə çalışdıq. Lakin Süleymanov ümumi məlumat verməklə kifayətlənməyi məqbul saydı: “Nizam-İntizam qaydalarının pozulması deyəndə, burda çox şey nəzərdə tutulur. Məşqə çıxmamaq, məşqə gəlməmək və sair. Bunların hamısı intizamla bağlıdır. Təbii ki, uğur qazanmaq üçün komandada güclü nizam-intizam olmalıdır”.

Süleymanov “Bakı” ilə oyunda zədələnən və çiynindən cərrahiyyə əməliyyatı olunan Elandro Pemanın durumu haqda da məlumat verib: “Pema hələ məşq etmir. Əməliyyat zamanı çiyninə qoyulan dəmir hələ sökülməyib. 2-3 gün ərzində həmin dəmir söküləcək. Bundan sonra Pema məşqlərə başlayacaq. O, müalicə prosesini burda, Bakıda həyata keçirəcək”.