MessiŞOU
28.04.2011 - 00:32
MessiŞOU
Qitənin ən nüfuzlu klub turniri sayılan UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin ilk görüşlərinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirin ikinci oyun günündə bütün dünyanın diqqəti Madridə yönəlib.

“Santyaqo Bernabeu” stadionunda əzəli rəqibi “Real”ın qonağı olan “Barselona” finala çıxmaq şansını artırıb. 61-ci dəqiqədə Pepenin (Real) meydandan qovulmasından sonra tam üstünlüyə yiyələnən katalonlar tezliklə hesabı açıblar. 76-cı dəqiqədə qapı qarşısına ötürülən topa toxunan Messi “Kral klubu”nu meydanın mərkəzinə dəvət edib. Matçın əsas vaxtının başa çatmasına 3 dəqiqə qalmış argentinalı futbolçu fərdi ustalığı sayəsində meydan sahiblərinin müdafiə xəttini çaş-baş salaraq, dublunu rəsmiləşdirib.

Qeyd edək ki, dünən baş tutan ilk yarımfinal matçında da qonaq komanda 2:0 hesablı qələbə qazanmışdı. “Mançester Yunayted” (İngiltərə) Almaniyada “Şalke” klubunu Giqqz və Runinin qolları ilə məğlub etmişdi.

Yarımfinalın cavab oyunları gələn həftə keçiriləcək.

26 aprel

"Şalke" (Almaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0:2
QOLLAR: Giqqz, 67, Runi, 69

27 aprel

“Real” (İspaniya) – “Barselona” (İspaniya) - 0:2
QOLLAR: Messi, 76; 87
QIRMIZI VƏRƏQƏ: Pepe, 61