Musa Süleymanov etiraf etdi: Maliyyə problemi hər yerdə var
27.04.2011 - 12:14
Musa Süleymanov etiraf etdi: Maliyyə problemi hər yerdə var
“Maliyyə ilə bağlı hər yerdə problem var”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun prezidenti Musa Süleymanov deyib.

Qış fasiləsindən sonra Premyer Liqada ardıcıl 3 qələbə qazanan Tovuz təmsilçisi sonradan büdrəməyə başladı. Belə ki, qərblilər “Qəbələ”, “Muğan” və “Gəncə”yə məğlub olmaqdan qaça bilmədilər.

Baş məşqçi Naci Şensoy isə hər dəfə bunun səbəbini müxtəlif cür izah edib. Hətta türkiyəli mütəxəssis oyun sonrası mətbuat konfranslarının birində qazanılan qələbələrə görə mükafat almadıqlarını bildirib. Bu da klubda müəyyən mənada maliyyə problemlərinin olmasına işarə idi. Son günlərdə isə qışda heyətə cəlb edilən gürcüstanlı müdafiəçi Oleq Qvelesiani “maaşımı ala bilmirəm və buna görə də komandadan ayrılmışam” deyib.

Bu da faktdır ki, “Turan” elə də güclü maliyyə dayaqlarına malik deyil və buna görə də komandanın bu cür problemlə qarşılaşacağı hər an gözləniləndir. Ancaq klub rəhbərliyi bunun əsassız olduğunu qeyd edib: “Maaşlar verilib. Heç kimə borclu qalmayacağıq. Hər kəs pulunu alacaq. Buna görə narahat olmağa dəyməz. Qazanılan qələbələrə görə də mükafatların bir qismi verilib. Onlara yenə də pul veriləcək”.