Abramoviç Hiddinkin milli komandamızla görüşünə yenə əngəl olur
27.04.2011 - 13:35
Abramoviç Hiddinkin milli komandamızla görüşünə yenə əngəl olur
Türkiyə yığmasının baş məşqçisi Qus Hiddinkin Azərbaycanla növbəti görüşə çıxması yenidən sual altına düşüb. Apasport.az saytının məlumatına görə, bu, Londonun “Çelsi” klubunun hollandiyalı mütəxəssisdən əl çəkməmək inadı ilə bağlıdır. Bu dəfə məsələyə qarışan “Çelsi”nin sahibi Roman Abramoviç Hiddinki müqavilə bağlamaqda dilə tutacağına ümidini itirmir.

Hiddink Türkiyə yığmasından gedə bilmədiyini desə də, rusiyalı iş adamı ona təklif etməyi planlaşdırır. Bu, iyunun 3-də Türkiyə və Belçika yığmalarının Brüsseldəki görüşündən sonra olacaq. Türklərinin Avro-2012-nin final mərhələsinə çıxması bu oyunun nəticəsindən çox asılıdır. Əgər qardaş ölkə təmsilçisi növbəti matçında uduzarsa, ondan irəlidə olan belçikalılardan bir qədər də uzaq düşəcək və vəsiqə qazana bilməyəcək. Bu zaman Hiddink Türkiyə Futbol Federasiyası ilə müqaviləsini vaxtından əvvəl pozaraq, əməkdaşlığa son verəcək və Abramoviçin təklifini qəbul edəcək.

Qeyd edək ki, millimiz cari seçmə mərhələdə son oyununu bu ilin oktyabrın 11-də məhz Türkiyə ilə səfərdə keçirəcək. Hiddink hələ Rusiya yığmasının çalışdırıcısı kimi millimizlə 2009-cu ilin martın 28-də Moskvada görüşdüyü zamanı həm də “Çelsi”ni çalışdırırdı. O, klubla 4 ay çalışaraq, mövsümü başa vurdu və vəzifəsini hazırkı italiyalı baş məşqçi Karlo Ançelottiyə təhvil verdi.