“Turan” rəhbərliyindən futbolçulara pul cəzası
27.04.2011 - 15:06
“Turan” rəhbərliyindən futbolçulara pul cəzası
“Yalnız son ayın maaşını vaxtında almamışıq. Rəhbərlik yaxın günlərdə bunu ödəyəcəyini deyib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan”ın müdafiəçisi Muammer Erdoğdu deyib.

Komandanın əsas heyət üzvlərindən olan türkiyəli futbolçu son vaxtlar maaşların verilməməsi ilə bağlı səsləndirilən fikirlərin yanlış olduğunu bildirib. O, hətta “Simurq”la matçda qazanılan qələbəyə görə mükafat aldıqlarını vurğulayıb: “MOİK-lə görüşdəki qələbəyə görə ayrılan mükafatı isə ala bilməyəcəyik. Çünki komanda doğma meydanda “Qəbələ”yə məğlub olduğu üçün cərimə edilib. Qalan mükafatlarımızı hələ almamışıq”.

Gələn ay “Turan”la müqaviləsi bitəcək olan Erdoğdu artıq qərarını verib. Belə ki, futbolçu yayda iddialı klublardan birinə keçmək niyyətindədir: “Turan” mənə doğmadır. 3 ildir bu klubun çörəyini yeyirəm. Onlara haqsızlıq edə bilmərəm. Eyni zamanda, peşəkar futbolçu üçün aldığı təklifləri dəyərləndirmək normal haldır”.

Türkiyəyə dönmək haqda düşünməyən və iddialı klublarımızdan birində oynamağa özünü hazır sayan müdafiəçi hətta hazırkı forması ilə “Xəzər Lənkəran”da da çıxış etməyə layiq olduğunu deyib: “Karyeramı Azərbaycanda davam etdirmək istəyirəm. Çünki buraya öyrəşdikdən sonra Türkiyəyə dönmək çətin olacaq. Peşəkar karyerama burada – “Xəzər Lənkəran”da başladım. 6 ay ərzində 4 oyunda meydana çıxdım və sonra “Turan”a keçdim. O vaxt “Xəzər Lənkəran”a indiki formada olduğum kimi gəlsəydim, komandada rahat oynayacaqdım. Təəssüf ki, həmin vaxt 20 yaşım var idi və çox təcrübəsiz idim. Yavaş-yavaş iddialı komandalarda oynayıb, özümü sübut etməliyəm”.