Georgi Adamiya: Mən bu komandanı sevirəm
27.04.2011 - 23:01
Georgi Adamiya: Mən bu komandanı sevirəm
“Qarabağ” klubunun gürcüstanlı futbolçusu Georgi Adamiyanın apasport.az saytına müsahibəsi

- Ötən tur “İnter”lə görüşdə komandanıza çox vacib qələbə qazandırdınız. Belə demək olar ki, sonradan meydana çıxmaqla, xilaskar oldunuz...
- Həmin qarşılaşmada tək mən yox, bütün komanda yaxşı oynadı. Üstünlük bizdə idi. Sadəcə, yaratdığımız qol vəziyyətlərindən istifadə edə bilmirdik. Deməzdim ki, komandanı tək mən xilas etdim. İstənilən halda, komanda qalib oldu.

- “Qarabağ”ın cari mövsümdə 13 qolla bombardiri olan Georgi Adamiya son 2 matçda meydana fasilədən sonra çıxır. Bunu nə ilə izah edərsiniz?
- Buna cavab verə bilmərəm. Ola bilsin ki, baş məşqçinin bununla əlaqədar ev tapşırığı olub, oyun öncəsi, məşqdə rəqib üçün nəsə hazırlayıb. Bu düşüncə ilə məni ikinci hissədə meydana buraxmağı üstün tutub.

- Əsas odur ki, sonradan oyuna daxil olan futbolçu etimadı doğruldur. Siz bu mənada Qurban Qurbanovun inamını boşa vermədiniz...
- Elə alındı ki, qələbə topunu mən vurdum. Qalib gəlmək lazım idi ki, komandamız da buna nail oldu.

- “Qarabağ” ardıcıl 9 oyunluq qələbə seriyası ilə çempionatın rekordunu müəyyənləşdirdi. Ancaq “İnter”lə görüşədək son 3 oyunda nəinki qalib gələ, qol da vura bilmirdiniz. Bunun səbəbini nədə görürsünüz?
- Həmişə qalib gəlmək olmur ki... Ardıcıl 9 oyunda qələbə qazandıq. Həmin vaxt uğurlu seriyamız vardı. Sonra uğursuzluq başladı, 3 oyunda qalib gələ, qol vura bilmirdik. Halbuki, yaxşı oynayırdıq, qol imkanlarımız da olurdu. Ancaq bundan heç cür yararlana bilmirdik.

- Bir maraqlı fakt da odur ki, “Qarabağ” son qələbəsini Suraxanıda 1:0 hesabı ilə qazanmış, “İnter”lə matçda olduğu kimi, AZAL-la görüşdə də qələbə topunu penaltidən vurmuşdunuz. Necə deyərlər, eyni ssenari davam etdi...
- Tamamilə doğrudur. Sadəcə, onda ilk hissədə, bu dəfə isə ikinci yarıda qol vurdum (gülür).

- Qapılar da başqa idi...
- Elədir.

- Sizi komandanızın ştatlı penalti vuranı saymaq olar?
- Elə alınıb ki, son vaxtlar penaltiləri mən vururam və zərbələrim dəqiq olur. Hələ ki penaltidən qol vururam və heç kim mənə heç nə demir. Yəqin ki, nə vaxt penaltidən istifadə etməsəm, məni dəyişərlər (gülür).

- “İnter”in qapıçısı həmyerliniz və adaşınız Georgi Lomayadır. Penaltidən öncə digər gürcü futbolçu Valeri Abramidze Lomayaya nəsə deyirdi. Görünür, necə vurduğunuzu bildiyindən, zərbəni dəf etməklə bağlı öz məsləhətlərini verirdi...
- Mən zərbə vuranda heç kimə baxmıram. Başımı aşağı salıb, topa baxıram və konsentrasiyanı zərbəni dəqiq vurmağa yönəldirəm, vəssalam. Həmin anda qarşımda kimin, həmyerlimin olmasını fikir vermirəm. Bunun mənim üçün fərqi yoxdur. Düşünürdüm ki, penaltidən qol vurmalıyam, daha heç nə. Həmin anda kimin kimlə söhbət etdiyinə baxmamışam.

- Sizi daha yaxşı tanıyan qapıçının zərbənizi dəf etməsindən ehtiyatlanmırsınız?
- Mən bilmirəm ki, həmyerlim zərbəni tuta bilər, ya yox. Nəticə odur ki, penaltidən qol vurdum və komandamız 1:0 hesabı ilə qalib gəldi.

- Çempionluğa şansınız nəzəri cəhətdən qalsa da, bunu qazanmağınız çox çətin olacaq. Yəqin ki, siz də “Neftçi”nin 8 xallıq üstünlüyü əldən verməyəcəyini düşünürsünüz...
- Çətin ki, bu mövsüm çempion olaq. Buna şansımız demək olar qalmayıb. Daha çox 2-ci yer uğrunda mübarizə haqda düşünməliyik.

- “Qarabağ”ı 1 xal qabaqlayan “Xəzər Lənkəran”la gümüş medal uğrunda şanslarını necə dəyərləndirərdiniz?
- Şanslar demək olar eynidir. Ancaq “Xəzər Lənkəran”ın azca üstünlüyü var. Bu, xala və bizimlə öz meydanında oynayacağına görədir. Əlbəttə, bizə çətin olacaq. Ancaq istənilən halda, 2-ci yeri tutmaq üçün sona kimi mübarizə aparacağıq. Lənkəranda qalib gəlib, rəqibi qabaqlamağa çalışacağıq.

- Bu il “Qarabağ”da oyununuz uğurlu alınır. Hətta fevralın futbolçusu olmağa siz daha layiq idiz. Hər halda, həmin ay 3 oyunda 5 qol vurmuşdunuz. Ancaq səsvermənin yekununa əsasən komanda yoldaşınız, hücumdakı tərəfdaşınız Rauf Əliyev ən yaxşı seçildi. Buna görə üzülmədiniz?
- Yox. Əksinə, Rauf dostumdur və ona görə çox sevindim. O, həqiqətən yaxşı futbolçudur, komanda üçün çox şey edir. Əlbəttə, ayın futbolçusu seçilsəydim, mənim üçün xoş olardı. Kim ən yaxşı seçilirsə, bu, onların hər biri üçün sevindirici olur. Mən saytınızın vasitəsilə Raufu ürəkdən təbrik edirəm. Ən yaxşını sorğuda iştirak edənlər müəyyənləşdirir. İnciklikdən söhbət gedə bilməz.

- Növbəti aylarda ən yaxşı futbolçusu seçilmək məqsədiniz var?
- Bu haqda düşünmürəm. Sadəcə, hər oyunda meydana çıxıb, komandama kömək etmək, faydalı olmaq istəyirəm. Əsas məqsədim budur. Qarşıma belə məqsəd qoymamışam ki, məhz bu ayda ən yaxşı olmalıyam. Mən hər il, hər ay, hər gün komandamın uğuru üçün çalışıram.

- Bombardirlik yarışında 2-ci yerdəsiniz və lider Bahodir Nasimovdan cəmi 2 qol geri qalırsınız. Özbək həmkarınızın uzun müddət qol vura bilmədiyini nəzərə alsaq, onu qabaqlamağınız realdır...
- Mən hər oyunda qol vurmağa çalışıram. Əlbəttə, bombardir olmaq istərdim. Ancaq bütün fikrimi ona yönəltməmişəm ki, mütləq bombardir olmalıyam. Buna nail olmağa çalışacağam. Bombardir olsam, mənim üçün əla olacaq.

- “Qarabağ”la müqaviləniz cari mövsümün sonunda bitir?
- Bəli.

- Yeni müqavilə məsələsini müzakirə etmisiniz?
- Hələ yox.

- Müqavilənizi uzatmaq istərdiniz?
- Böyük məmnuniyyətlə.

- Klubdan bununla bağlı təklif gözləyirsiniz?
- (gülür) Bəli. Böyük məmnuniyyətlə “Qarabağ”la müqavilə uzadaram. Üstəlik, mən bu komandanı sevirəm.

- Yəni il yarımdır oynadığınız “Qarabağ”a öyrəşmisiniz, oyununuz yaxşı alınır və belə olan halda, komandanı dəyişməyin mənası yoxdur...
- “Qarabağ”a yaxşı uyğunlaşdım. Burada yaxşı tanıdığım, vaxtilə birgə oynadığım çoxlu dostlarım var. Onlarla birgə yenidən bir komandada olmaq xoşdur. “Qarabağ” çox yaxşı komandadır. Məni burada rəhbərlik, şərait, hər şey qane edir. Əgər təklif gələrsə, məmnuniyyətlə qalacağam. Əgər olmasa, yeni komanda tapmalı olacağam.

Mehman SÜLEYMANOV