“Neftçi” 1-ci yerdədirsə, deməli, buna layiqdir” - FOTO
27.04.2011 - 16:27
“Neftçi” 1-ci yerdədirsə, deməli, buna layiqdir” - FOTO
“Neftçi” uzun müddətdir 1-ci yerdədirsə, deməli, buna layiqdir və güclüdür. Üstəlik, böyük xal fərqi ilə çempion olmaq üzrədir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Georgi Adamiya deyib.

2005-ci ildən fasiləsiz ölkəmizdə oynayan 30 yaşlı gürcüstanlı indiki komandasına kimi paytaxt təmsilçiləri – 4 il “Neftçi”də, 1 il “Bakı”da oynadı. “Neftçi”yə gəldiyi ilk vaxtdan parlayan Adamiya elə ilk mövsümdəcə çempion oldu. Bundan isə 6 il ötür və “ağ-qaralar” növbəti çempionluğunu cari mövsümdə qazanmağa çox yaxındır.

2008/09 mövsümünün ilk dövrəsində Adamiya ilə yanaşı, bir sıra təcrübəli futbolçular almaniyalı sabiq baş məşqçi Hans-Yurgen Gede tərəfindən kənarlaşdırıldıqdan sonra “Neftçi” uğursuzluğa düçar oldu. Georgi keçmiş komandasının çempionluğa layiqli sayır: “Neftçi” cari mövsümdə çox yaxşı komandadır. Bunun nəticəsidir ki, çempion olurlar. Şadam ki, “Neftçi” 6 ildən sonra nəhayət, buna nail olur. Əslində o, əvvəl, bizim vaxtda da yaxşı komanda idi. Son 2 mövsümdə onlarda eniş oldu. Sevinirəm ki, yaxşı komanda yarada bildilər”.

Georgi hələ 2007-ci ildə “Neftçi” ilə çempionluğa çox yaxın olduğu halda, sonda büdrədi. O, həmin mövsümün 2-ci dövrəsində bütün oyunlarda qalib gələn komandasının çıxışını yaxşı xatırlayır: “Yalnız sona bir tur qalmış çempionluq şansımızı əldən buraxdıq. “Olimpik”ə 1:2 hesablı məğlubiyyət liderliyi və sonda qızıl medalları itirməyimizlə nəticələndi. Mən həmişə “Neftçi”də karyeramın ən yaxşı illərini keçirdiyimi demişəm. Komandanı sevsəm də, bu, indiyə kimi onun haqda düşündüyüm demək deyil. İndi mənim üçün ən vacib “Qarabağ” və onun uğurudur”.

Qeyd edək ki, Adamiya “Neftçi”nin heyətində çempionluqla yanaşı, 1 gümüş, 2 bürünc medal və “Birlik kuboku”nu qazanıb. 2-ci Azərbaycan çempionluğunu “Bakı”da qazanan Georgi “Qarabağ”la ötən mövsüm bürünc medalçı oldu.

Mehman SÜLEYMANOV