“Hər şeyə Lənkərandakı oyunda aydınlıq gələcək”
27.04.2011 - 23:10
“Hər şeyə Lənkərandakı oyunda aydınlıq gələcək”
“Neftçi” ilə xal fərqi çoxdur. Düşünmürəm ki, qarşıdakı 4 oyunda bu fərq azalsın”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev deyib.

Premyer Liqanın XXVIII turu çərçivəsində “İnter”i minimal hesabla üstələyən “Qarabağ” ikinci pillə uğrunda mübarizəni davam etdirir. Lider “Neftçi” ilə xal fərqinin çox olduğunu düşünən Ağdam təmsilçisinin müdafiəçisi artıq bütün diqqətlərini gümüş medallara yönəltdiklərini söyləyib: “İkincilik uğrunda “Xəzər Lənkəran”la mübarizə aparırıq. Cəmi 1 xal fərqimiz var. Onlarla səfərdə oyunumuz qalıb”.

Millinin da formasını geyinən futbolçunun fikrincə, finişə kimin ikinci pillədə çatacağına Lənkəranda keçiriləcək oyunda aydınlıq gətiriləcək: “Məncə, bütün suallara məhz Lənkərandakı oyunda aydınlıq gələcək. Əsas mübarizə “Xəzər Lənkəran”la bizim aramızda olacaq”.

Həftəsonu “Bakı” ilə qarşılaşacaq “Qarabağ” məşqlərini bərpa edib. Bu gün 2 məşq keçəcək Qurban Qurbanovun yetirmələrinin məqsədi paytaxtın eyniadlı komandasını məğlub etməkdir. Rəqib haqda danışarkən Medvedev “zolaqlılar”ın güclü kollektiv olduğunu vurğulayıb.

Rəqibin ölkə kubokunda çıxış etməsini özləri üçün əlavə üstünlük hesab edən 23 yaşlı futbolçu bunun səbəbini belə izah edib: “Onların bütün diqqətlərini ölkə kubokuna yönəltmələri bizim üçün əlavə üstünlükdür. Həm də, yorğun olacaqlar. Ancaq bu məqam bizi arxayın salmamalıdır. Oyuna yaxşı köklənməli və rəqibi ciddi qəbul etməliyik. Düşünürəm ki, öz oyunumuzu oynasaq, istədiyimiz nəticəni əldə edəcəyik. Əks-təqdirdə xal itkisi ilə üzləşə bilərik. Məqsədimizə çatmaq üçün 3 xal daha çox bizə lazımdır”.