“İnter” bizimlə oyuna ciddi hazırlaşmışdı”
27.04.2011 - 23:00
“İnter” bizimlə oyuna ciddi hazırlaşmışdı”
“Bu oyun çempionat matçından fərqli idi. Çünki turnir cədvəlinə diqqət yetirsəniz, həm AZAL, həm də “İnter” “ilk üçlük”dəki komandalardan xeyli geri qalıb. Ona görə də hər iki komanda diqqətini kuboka yönəldib”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın müdafiəçisi Elvin Əliyev deyib.

NBS Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda “İnter”lə qarşılaşan “təyyarəçilər” rəqib meydanında qolsuz heç-heçəyə nail olub. Əslində, oyunun gedişində Nazim Süleymanovun yetirmələrinin fərqlənməsinə imkan olsa da, bundan istifadə edə bilməyiblər. Oyun haqda danışarkən Əliyev “İnter”in görüşə ciddi hazırlaşdığını vurğulayıb: “İnter” cari mövsümdə çempionatda bizi yenə bilməmişdi. Ona görə də oyuna ciddi hazırlaşmışdılar. Biz də əks-hücumlarda onları tutmağa, qol vurmağa çalışırdıq. Əslində, bir neçə dəfə rəqibi əks hücumda yaxaladıq, ancaq qol vura bilmədik”.

Cavab oyununda hər şeyin dəqiqləşəcəyini deyən müdafiəçi şansları 50-nin 50-yə dəyərləndirib: “Əsas odur ki, rəqib meydanında qapımızdan qol buraxmadıq. Qol vura bilsəydik, daha yaxşı olardı. Ancaq alınmadı. Şansların 50-nin 50-yə olduğunu deyə bilərəm. Finala kimin yüksələcəyi cavab oyununda bilinəcək”.

Şüvəlanda keçiriləcək matçda baş məşqçi Nazim Süleymanovun texniki zonada əyləşə bilməyəcəyi dəqiqdir. Çünki baş hakim Elçin Məmmədov onu texniki zonadan kənarlaşdırıb. AZAL-ın müdafiəçisi bunu indidən dərk etdiklərini deyib: “Cavab matçının bizim üçün nə demək olduğunu dərk edirik. Baş məşqçinin olmayacağı da aydındır. Qələbə qazanmaq üçün vuruşacağıq. Hər kəs nə etməli olduğunu dərk edir”.